Türk dünyasının yeni güc mərkəzinə çevrilməsi üçün geniş potensial və əlverişli zəmin var

“Türk dünyası böyük ailədir, mühüm potensiala malikdir və geniş coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması böyük gücün əsas göstəriciləridir. Bu səbəbdəndir ki, Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk dünyasının yeni güc mərkəzinə çevrilməsi üçün geniş potensial və əlverişli zəmin var”.
Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun strateji prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır: “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Bununla yanaşı, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür”.
“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə müxtəlif sosial obyektlərin inşası birliyin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilmiş məktəb və incəsənət mərkəzinin fəaliyyətə başlaması, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda məktəbin təməlinin qoyulması, Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə məktəbin inşasının nəzərdə tutulması sözügedən prosesin əyani təzahürləridir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün azad edilmiş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır ki, bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bir sözlə, hazırda geniş quruculuq, abadlıq işləri aparılan Qarabağın, Şərqi Zəngəzurun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi Türk dünyasının birliyinin əyani nəticəsi kimi də hesab ediləcək”.