Analitika

Türk dünyasının birliyi sarılmazdır

TDT-nin növbəti Zirvə görüşünün ünvanı uca dağlar qoynunda qərar tutan Şuşa şəhəri olacaq. Mətbuata verdikləri bəyanatlarda Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cari ilin yayında Şuşada TDT-nın qeyri-formal Zirvə görüşünün keçiriləcəyindən böyük məmnunluqlarını ifadə ediblər. Bu xüsusda fikirlərini ifadə edən Türkiyə Prezidenti deyib: “Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm”.

Cari ildə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirlməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb. Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyədən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Həmçinin səmimi ortamda səsləndirlən cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır. Bəs nə üçün Qazaxıstan paytaxtına toplaşan liderlər qeyri-formal görüş yeri kimi məhz Şuşa şəhərini seçiblər? Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı. Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur.

Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır. O cümlədən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Arıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər belə mədəni tədbirlər uğurla baş tutub.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button