Analitika

Türk dünyası iqtisadiyyatında Azərbaycanın müstəsna rolu…

Türk xalqları arasındakı yaxınlıq yalnız ortaq mədəniyyət, dil, din və bu kimi dəyərlər ilə deyil, həm də ticarət əlaqələrinin qədim dövrlərdən bəri qurulması və çoxşaxəli əməkdaşlığın tarixi inkişafı ilə əlaqədardır. Mərkəzi Asiyadan Anadolu yarımadasına qədər mühüm geosiyasi mövqedə yerləşən və zəngin sərvətlərə malik Türkiyə, Azərbaycan, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Özbəkistan Türkdilli ölkələrdir. İqtisadi inkişafına, əsas makroiqtisadi, sosial göstəricilərinə görə bir-birindən fərqlənən bu ölkələrin iqtisadi əlaqələri 1991-ci ildə Mərkəzi Asiyadakı türkdilli dövlətlərin və Azərbaycanın müstəqilliyini əldə etməsi ilə intensivləşib. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş IX sammitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar.

Türkdilli ölkələr içərisində ən mütəşəkkil investisiya əlaqələrimiz Türkiyə Respublikası ilədir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ikinci ölkədir və qarşılıqlı  investisiya həcmi hər il artır. 2020-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan vəsaitin 12,8%-i qardaş Türkiyənin payına düşüb ki, bu da 2019-cu illə müqayisədə 7 milyon dollar artım demək olub. 2021-ci ilin 1-ci rübündə Türkdilli ölkələrdən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş investisiya həcmi 212,78 milyon dollar olub ki,  bu da bir öncəki ilin müvafiq dövrü ilə müqayisədə 56,1% artım deməkdir.

2020-ci ildə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyalarda  türkdilli ölkələrin payı 27,1% faiz olub. 2021-ci ilin 1-ci rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyon, Özbəkistan iqtisadiyyatına 0,7 milyon, Qazaxıstan iqtisadiyyatına 0,35 milyon, Qırğızıstan iqtisadiyyatına isə 0,2 milyon ABŞ dolları investisiya yatırıb.

Qazaxıstanın Azərbaycana investisiyası olaraq 2007-ci ildən istifadəyə verilən hər iki ölkənin birgə maliyyələşdirdiyi Bakı taxıl terminalı misal göstərilə bilər. Qazaxıstandan taxıl məhsullarının idxalını həyata keçirən terminal Azərbaycanı keyfiyyətli taxılla təmin etməklə yanaşı, Qazaxıstan taxılının Qafqaz və Qara dəniz regionuna və Avropa İttifaqı ölkələrinə ixracında mühüm rol oynayır. Azərbaycanın investisiyası əsasında Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonasında inşa olunan Azersun Logistika və İstehsalat Mərkəzi Qazaxstan Respublikasının Qərb bölgələrinin ərzaq və qeyri-ərzaq təhlükəsizliyinin təmini, Azərbaycan ixracatçılarına əlverişli şəraitin və ticarət imkanlarının yaradılması, Azərbaycan mallarının Qazaxstan Respublikasına ixracat potensialının artırılmasında mühüm rol oynayır. Azərbaycan Qazaxıstan iqtisadiyyatının nəqliyyat-logistika və sənaye sahələrinə daha çox sərmayə qoyur, həmçinin Azərbaycan şirkətləri avtomobil yollarının tikintisi, yaşayış binalarının inşası, suvarma sistemlərinin qurulması, su ehtiyat anbarlarının tikintisi, ölkə ərazisindəki yeganə tunelin inşasında fəal iştirak edib.

2018-ci ildə Özbəkistan-Azərbaycan biznes forumunda Özbəkistanda 71 birgə müəssisə, 11 Azərbaycan sərmayəli şirkət olmaqla 84 Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi bildirilmişdir. Özbəkistandakı investisiyalarımızın əsas sahələri ticarət, metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, zərgərlik məmulatları, qida və yüngül sənayedir. Özbəkistan isə Azərbaycanda nəqliyyat vasitələri sahəsinə investisiya qoyur. Türkmənistan və Azərbaycan Ticarət-iqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir, xüsusilə qeyri-xammal sahələrində qarşılıqlı investisiyaların həcminin artırılması və şaxələndirilməsi üzrə tədbirlər görürlər. Ölkələrimiz müxtəlif sənaye sahələrində, o cümlədən yüngül sənaye, tikinti materiallarının istehsalı, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə yardım edirlər.

Hazırda türkdilli ölkələrin başçılarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar iqtisadi münasibətlərimizin dərinləşdirilməsini şərtləndirən əsas amillərdəndir. Ticarət əlaqələri, qarşılıqlı investisiya qoyuluşları, regional meqa layihələr və quruculuq-bərpa işlərindəki əməkdaşlıq Azərbaycanilə Türkdilli ölkələrin iqtisadi münasibətlərində əsas istiqamətlərdəndir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button