Analitika

Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırır. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Tarix boyu türk xaqanları böyük bir coğrafi arealda yaşayan türk xalqlarını birləşdirmək istiqamətində böyük işlər görmüşlər. Alparslan Səlcuqun ərəb xəlifəsinə məşhur məktubunda belə bir sözlər vardı: “Mən dünya xalqlarına hökmranlıq edən hunların nəslindənəm”. Əmir Teymurun “Türküstanın əmiri” kimi tarixə düşməsi də məlum faktdır. Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Minilliklər boyu yol gəlməklə tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqlarını əzmlə qorumuş türkdilli xalqların ideya-mənəvi birliyini təmin edən amillər isə daha çoxdur. Təməl prinsipində dahi Atatürkün “Yurdda sülh, cahanda sülh” tezisi dayanan türkçülük ideologiyası möhkəm ideoloji istinad nöqtəsi kimi daha geniş coğrafi ərazidə türkdilli xalqları bir-birinə sıx şəkildə bağlayır, onlarda milli kimlik şüurunu, həmrəylik, təəssübkeşlik hisslərini və duyğularını gücləndirir. Bu birlik və həmrəylik eyni zamanda, çoxqütblü əməkdaşlığın subregional inteqrasiya modelinin – türkdilli dövlətlərin müxtəlif qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi naminə birgə səy göstərməsini, geniş iqtisadi əlaqələr qurmasını təmin edir.

Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir.

Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqətdən kənarda qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button