Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bütün türk dövlətlərinin ortaq məqsədlər naminə birgə fəaliyyətinə geniş şərait yaradır

Azərbaycan və Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Türkiyəyə uzanan Orta Dəhliz ixrac və enerji əlaqələrini gücləndirmək üçün perspektivli alternativdir. Avropa ilə Asiyanı birləşdirən Şimal dəhlizinin Rusiya-Ukrayna müharibəsi səbəbindən lazımsız hala düşdüyü, cənub dəhlizinin isə regional mübahisələr və gərginliklər səbəbindən əngəlləndiyi bugünkü geosiyasi şəraitdə Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bütün türk dövlətlərinin ortaq məqsədlər naminə birgə fəaliyyətinə geniş şərait yaradır. Bu əməkdaşlıq Çindən Avropaya qədər uzanan geniş nəqliyyat və logistika şəbəkəsinin yaradılmasına imkan verəcək. Bu mənada, Orta Dəhliz Türkiyə və Azərbaycanın sayəsində yaxın 50 il üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat və logistika şəbəkəsi hesab olunur. Həmçinin Şərqi Asiya və Avropanı Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirən Orta Dəhliz layihəsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir.
Azərbaycan, Qazaxıstan, Mərkəzi Asiya dövlətləri və Türkiyə Orta Dəhlizin optimallaşdırılması üçün geniş spektrli tədbirlər həyata keçirirlər. Bu tədbirlər təkcə Asiya və Avropa arasında tranzit daşımaların daha böyük seqmentini cəlb etmək deyil, daha önəmlisi bu marşrut boyunca yerləşən ölkələr arasında əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır ki, bu da Çinin və Rusiyanın regiona təsirini kompensasiya etmək üçün böyük geosiyasi əhəmiyyətə malikdir. Bu istiqamətdə səylərə Xəzər dənizi boyunca limanların təkmilləşdirilməsi, avtomobil və dəmir yollarının yeniləndirilməsi layihələri də daxildir. Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə texniki işlərə başlayıb. Görülən işlərin gələn il başa çatdırılması nəzərdə tutulur. Genişləndirmə işləri nəticəsində BTQ xəttinin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyona yüksələcək. Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran Azərbaycan həm də beynəlxalq yükdaşımaların əsas mərkəzi kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizdə kəsişən yolların əsas həlqəsinə çevriləcək. Belə ki, dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Həmçinin Mərkəzi Asiya ölkələri Orta Dəhliz üzərindən Zəngəzur dəhlizinə birbaşa çıxış qazanacaqlar. Beləliklə, beynəlxalq yükdaşımaların ən cəlbedici marşrutu olan Orta Dəhliz Zəngəzurda kəsişəcək. Zəngəzur dəhlizinin açılması isə regionda sülhün bərqərar olması ilə reallaşacaq.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı