
Son illərdə Türk Dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri də nəqliyyat və logistika sektorudur. Qlobal və regional çağırışların fonunda Azərbaycan başda olmaqla Türk dövlətləri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi prioritet məsələ kimi gündəmdədir.
Azərbaycanın coğrafi mövqeyi onun nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayaraq mühüm tranzit ölkəsinə çevrilib. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Türk dövlətlərini birləşdirən əsas nəqliyyat layihələrindən biridir. Bu dəhliz Çinlə Avropa arasında ən qısa və təhlükəsiz yoldur və Azərbaycan bu layihədə fəal iştirak edir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq yeni vüsət alıb. Təşkilatın sammitlərində bu mövzu xüsusi olaraq müzakirə olunur və üzv ölkələr arasında yol, dəmir yolu, hava və dəniz nəqliyyatı ilə bağlı konkret layihələr irəli sürülür. 2022-ci ildə keçirilən TDT sammitində “Nəqliyyat Bağlantılarının Genişləndirilməsi üzrə Yol Xəritəsi”nin qəbul edilməsi bu sahədə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdı.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də region üçün strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi inteqrasiyanı gücləndirir, Türk dövlətləri arasında qarşılıqlı asılılığı artırır.
Həmçinin, Türkmənistan və Qazaxıstanla limanlararası əlaqələrin inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının artırılması regional ticarətə müsbət təsir göstərir. Bu istiqamətdə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı önəmli rol oynayır və Türk dünyasının Avropaya açılan qapısı kimi fəaliyyət göstərir.
Son nəticədə, Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq həm iqtisadi inkişafı, həm də siyasi birliyi möhkəmləndirir. Azərbaycan bu prosesdə aktiv iştirak edərək həm milli maraqlarını qoruyur, həm də Türk dünyasının inteqrasiyasına töhfə verir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi