Analitika

Türk dövlətləri birliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Görüş zamanı cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.”

Bəli, Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. Türk dünyası hazırda beynəlxalq müna­sibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisa­di çəkiyə malik olması ilə diqqət çəkir. Xüsusən Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi, Türk dünyasının birləşməsi ilə sıx bağlıdır. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə fəaliyyəti, bu prosesin sürətlənməsinə töhfə verir.

Görüş zamanı, həmçinin Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığı xüsusi olaraq qeyd olunmuş və bu imkanlar çox yüksək qiymətləndirilmişdir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq.

Nizami Şahvələdov,
Şuşa rayon 15 nömrəli ümumi orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button