AnalitikaGündəmSiyasət

To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini və strateji əməkdaşlığın möhkəmləndiyini göstərdi

7 may 2025-ci ildə Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdilər. Bu görüş həm də iki ölkənin Asiya və Qafqaz bölgələrindəki rolu baxımından strateji əhəmiyyət daşıyırdı.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar. Neft və qaz sənayesində əməkdaşlıq imkanları, nəqliyyat layihələrində birgə iştirak və ticarət dövriyyəsinin artırılması müzakirə olunan əsas mövzulardan oldu. Prezident Əliyev Azərbaycanın Asiyanı Avropaya birləşdirən mühüm tranzit ölkəyə çevrildiyini və bu prosesdə Vyetnamla əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi.

To Lam öz növbəsində Azərbaycanın beynəlxalq arenadakı fəallığını və regional sabitliyə verdiyi töhfəni yüksək qiymətləndirdi. O, Vyetnamın Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu bildirdi. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması da bu iradənin praktiki təzahürü kimi dəyərləndirilə bilər.

Bu görüş iki ölkə arasında siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin canlanması və mədəni mübadilənin genişlənməsi üçün zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının coğrafiyasının genişlənməsi davam edir və bu səfər həmin xəttin mühüm bir halqası oldu.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button