Analitika

Tarixi həqiqətlər

Azərbaycan Respublikası ilə İraq Respublikası arasında 1992-ci ilin mart ayının 30-da diplomatik əlaqələr qurulub. İki ölkə arasında diplomatik əlaqələr tarixi boyunca ilk dəfə İraq Respublikası prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edib. Azərbaycan Respublikası və İraq Respublikası müxtəlif beynəlxaql təşkilatlarda daim yekdillik və həmrəylik nümayiş etdirir. İki dövlət qarşılıqlı olaraq beynəlxalq münasibətlərdə bir-birinin tam müstəqilliyini tanıyır. Qeyd olunan səfər ölkələr arasında dostluq, müttəfiqlik və diplomatik əlaqələrin güclənməsində önəmli rol oynayacaq.

Tarixi gerçəkliyə nəzər salanda görürük ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu təcavüz isə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin işğalına gətirib çıxardı. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan (Dağlıq Qarabağ və ətraf rayonlardan) zorla, məcburi şəkildə çıxarıldı. Bu isə Ermənistanın etnik təmizləmə siyasətinin sübutu idi. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası dəfələrlə sülh yolu ilə öz ərazilərini azad etmək üçün cəhd göstərdi. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxaran müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq bu mümkün olmadı. Buna görə də Azərbaycan Respublikası BMT Nizamnaməsinin özünümüdafiə hüququna aid 51-ci maddəsi ilə qanuni imkandan istifadə edərək beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi güc ilə döyüş meydanında işğaldan azad etdi.

2020-ci ildə torpaqların böyük hissəsi işğaldan azad olunandu. Qeyd olunan ildə müharibədən sonra üçtərəfli bəyannamə imzalandı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin bəyanatı idi. Həmin bəyanat ilə qarşılıqlı şəkildə öhdəliklər yaradıldı. Lakin Ermənistan öz öhdəliklərinə əməl etmədi. Azərbaycan Respublikası üç il səbirlə davrandı və Ermənistana beynəlxalq vasitələrlə xəbardarlıqlar göndərdi. Ermənistan bu xəbərdalıqlara da biganə yanaşdı. Onların məqsədi hərbi kontingentini bizim ərazimizdə mümkün qədər çox saxlamaq idi. Azərbaycan Respublikası üç il ərzində kifayət qədər səbir etdi, lakin cari ilin sentyabr ayında ölkəmiz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror tədbirini apardı. Bu antiterror əməliyyatı onu da sübüt etdi ki, Azərbaycan Respublikası qətiyyən mülki əhali ilə döyüşmür. Antiterror tədbiri 24 saatdan az davam etdi və bunu əminliklə qeyd etmək lazımdır ki, mülki əhali arasında itkilər olmadı. Həm öz ölkəsinin, həm də Ermənistanın mülki əhalisini daim müharibə ziyanlarından qoruyan Azərbaycan Respublikası bu addımı ilə dünya dövlətlərinə örnək hərəkəti ilə seçildi.

Azərbaycan Respublikasının beynəlxalq arenadakı gücü, ordusunun qüdrəti sayəsində Dağlıq Qarabağdakı qondarma rejim süquta uğradıldı. Onlar özləri bu qeyri-qanuni qurumu ləğv etdilər. Azərbaycan Respublikası öz gücü sayəsində suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. İndi Azərbaycan Respublikasının Bayrağı bütöv Azərbaycan səmasında dalğalanır. Qeyd etmək lazımdır ki, Ermənistan bu məsələlərdə Fransanın iradəsi ilə də hərəkət edir. Fransa qeyd olunan məsələlərlə bağlı Cənubi Qafqazda mənfi rol oynayır. Bu da regional sabitlik üçün ciddi təhlükə ola bilər. Lakin qeyd edək ki, Azərbaycan Respublikası daim sülh tərəfdarı olaraq müharibələrə mənfi yanaşır. Son dövr yaşanılan müharibədə isə dövlətimiz beynəlxaql hüququ bərqərar etdi.

Ermənistan indi də müxtəlif ölkələrdə diaspor təşkilatlarından Azərbaycana hücum etmək üçün dəstək gözləyir. Lakin heç bir beynəlxalq təzyiq və beynəlxalq təşkilat Azərbaycan Respublikasının və dövlətinin iradəsinə təsir edə bilməz. Belə dəstək gözləmək sıfır nəticə verəcək. Azərbaycan Respublikası daim sülhün tərəfindən çıxış etmiş və indi də sülhə hazırdır. Bunu uzun illər boyu səbir etmiş ölkə olaraq əminliklə deyirik. Lakin burada ədalətli sülhdən söhbət gedir. Yəni hər iki dövlətin beynəlxalq səviyyədə tanınan suveren ərazi bütövlüyünün toxunulmazlığı şərtdir. Azərbaycan xalqı və dövləti sağlam düşüncəyə malik sülhə daim hazırdır.

Abbasova Xəyalə,
Xəzər rayonu, 185 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button