Suveren Azərbaycanın memarı Heydər Əliyev
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır. Çıxışlarının birində dahi lider belə deyirdi: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik”.
Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünərilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Heydər Əliyev bu siyasətin zərgər dəqiqliyi ilə aparılması və ona həssas yanaşılmasını zəruri hesab edərək deyirdi: “Vəziyyət elə gətirmişdir ki, biz öz siyasətimizi sanki nazik bir sap üzərində yeridirik və istənilən anda xırdaca bir səhv nəticəsində hər şey alt-üst ola bilər. Ona görə də bu nazik tel üzrə addımlarımızı elə qurmalıyıq ki, nə xarici, nə də daxili təsirlər bizi büdrətməsin və planlaşdırdığımız işi yüksək səviyyədə axıra çatdıra bilək”.
Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində parlamentin rolunu çox yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Heydər Əliyev parlamentdəki ilk çıxışı zamanı bütün bu problemlərə fərqli yanaşma sərgiləməklə tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü.
Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycanın ədalətli mövqeyi 44 gün sürən Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Xüsusilə Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və öz bəyanatlarında ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.
Rzayeva Aygün,
Xəzər rayonu, 117 №li tam orta məktəbin müəllimi