Şuşanın sakinləri doğma yurduna qayıdır

Bu ilin 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Görüş zamanı Ali Baş komandan, cənab Prezident şəhərə köçən sakinlərə müraciət edərək qeyd etmişdir ki, ötən müddət ərzində Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün daim hazırlaşıb, iqtisadiyyatını gücləndirib, güclü ordu yaradıb. Gənc nəslin vətənpərvər, Vətənini, ölkəsini sevən şəxsiyyətlər kimi formalaşdırılması da xüsusilə qeyd olunmuşdur. Məhz bu gənclər Müzəffər Ali Baş komandanın rəhbərliyi altında öz canı-qanı bahasına qürur mənbəyimiz olan Şuşanı və digər işğal altında olan torpaqlarımızı azad etdilər.
Azərbaycanın hər zaman sülsevərlik nümayiş etdirərək, məsələnin sülh yolu ilə, beynəlxalq normalar və qəbul olunmuş Qətnamələrə uyğun həllinin tərəfdarı kimi çıxış etməsinə baxmayaraq, qarşı tərəf çirkin əməllərindən əl çəkməyib işğalı davam etdirmək niyyətində idi. Düşmən Azərbaycanın müxtəlif yaşayış məntəqələrini, hətta cəbhəyanı ərazilərdən xeyli uzaqda olan dinc əhalinin yaşadığı şəhər və kəndləri müxtəlif silahlardan, o cümlədən, raket qurğularından intensiv atəşə məruz qoyur, dinc sakinlərin həlak olmasına və mülki infrastrukturun dağıdılmasına səbəb olurdu. Lakin belə vəziyyət artıq Azərbaycanın dövlət başçısının və onun ətrafında sıx birləşən xalqının səbr kasasını daşdırırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan özünü müdafiə hüququndan istifadə edib öz ərazisində Ermənistana qarşı “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz ilə yaxın davam edən erməni işğalına son qoydu və ərazi bütövlüyümüz bərpa olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına sərbəst, təhlükəsiz və böyük ruh yüksəkliyi ilə qayıtmalarına imkan yarandı. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirdi. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun hər bir əsgər və zabitinə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bu gün təkcə Şuşa sakinləri deyil, hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir və bugünkü günə görə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuza minnətdarlığını ifadə edir.
Çıxışı zamanı xalqımızın qəhrəmanlığından danışan Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, “Xalqımız elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrdə Qarabağ xanlığının qurucusu Pənah Əli Xan Azərbaycanımızın ən gözəl güşələrindən olan bir məkanda – dağların, qayalığın üstündə, meşələrin arasında möhtəşəm bir şəhər yaradır. Şuşa digər Azərbaycan şəhərlərindən gənc olmasına baxmayaraq, məhz o Qafkazda istedadlı sairlərin, bəstəkarların, müğənnilərin və digər sahələr üzrə sənət adamlarının yaşadığı mədəniyyət ocağı olaraq tanındı və Qarabağ xanlığının paytaxtı və şəhərsalma mədəniyyətinin nadir incisi kimi məşhurlaşdı.
Cənab Prezident çıxışı zamanı qeyd etdiyi kimi, bu gün Şuşanın yeni tarixi başlayır. “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu”, – deyə Ali Baş Komandan sözünə davam etmişdir. O da qeyd edildi ki, ötən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur və birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək.
Ulu Öndər Heydər Əliyev Azərbaycanımızın gələcəyi barədə demişdi: “Vaxt gələcək Azərbaycan günəş kimi nur saçacaq”. Bu gün bu fikirlər Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində reallığa çevrilir. Tam əminliklə deyə bilərik ki, xalqımızın xoşbəxt gələcəyi etibarlı əllərdədir. Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşərək irəli addımlaması, bizə bundan sonra da çox zəfərlər bəxş edəcək.
Kamran Hacıyev,
Bakı Slavyan Universiteti Şərqi Avropa dilləri fakültəsinin dekanı dos.



