Şuşa zəfərimizin rəmzidir, Şuşa zəfərimizin tacıdır
Ulu öndər Heydər Əliyevin bu kəlamını «Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır
«Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir» söyləyən ulu öndər Heydər Əliyev onu da əlavə edirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur. Dağlar qoynunda yerləşən, iqtisadi inkişafı, müasir görünüşü, strateji əhəmiyyəti ilə fərqlənən bu qədim şəhərə sahiblənmək ermənilərin ən böyük arzuları olub. Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra Xankəndidə toplanan erməni silahlıları 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhəri dörd tərəfdən atəşə tutaraq Şuşanı işğal etdilər. Şəhəri qoruyan əsgərlərin müqavimətinə baxmayaraq milli satqınların xəyanətinin qurbanı olan Şuşa, çal-çağırlı, qonaqlı-qaralı Cıdır düzü, təbiətin yetişdirdiyi nadir bitkilərdən olan xarı bülbül ermənilərin əlinə keçdi. O dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünün xainləri vaxtilə Şuşanı tutmaq istəyən, qalanı 33 gün mühasirədə saxlasa da, niyyətinə çatmayan İran şahı Ağa Məhəmməd şah Qacarın təhdidlərinə «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar» cavabını verən dahi şair Molla Pənah Vaqifin sözlərinə də xəyanət etdilər. Bu gün artıq Şuşa azaddır. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşub. «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə ulu öndər Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu. 30 ildən sonra doğma yurduna qaytardı. «Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib» söyləyən Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsini düşmənə vurulan ən böyük zərbə adlandırdı.
Bu şəhərin işğalını «dağlarda toy adlandıran» ermənilərə səngərlərdə, döyüş meydanında toy tutan qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində uzun fasilədən sonra ötən ilin noyabr ayının 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı. Mədəniyyət paytaxtımız olan Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirilməsini önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev vədinə əməl etdi. 30 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə azad edən, düşmənə sarsılmaz zərbə vuran, başını əzən, diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən əsgərlərimiz müharibə tarixinə yeni səhifələr yazdılar. Azərbaycan Prezidenti: “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır “. Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam.Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
“Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi… Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”, – deyə Azərbaycan Prezidenti bildirib.Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.
Bəli, 8 mayda itirdiyimiz Şuşa 30 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Əziz Şuşa, 30 ildən sonra artıq , 8 mayı azad qarşılayırsan!
Dövlət başçımızın dediyikimi: “Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi