AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa: Milli Kimliyimizin, Tarixi Zəfərimizin və Yenidən Dirçəlişin Rəmzi

Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Şuşa yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın milli-mədəni kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik tarixinin ayrılmaz parçasıdır. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu qədim şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və incəsənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şuşa Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi görkəmli şəxsiyyətlərin yetişdiyi, milli mədəniyyətimizin zəngin ənənələrinin formalaşdığı müqəddəs məkandır.

1992-ci il mayın 8-də Şuşanın işğal olunması xalqımızın yaddaşında ağır bir faciə kimi qaldı. Lakin Azərbaycan xalqı heç zaman bu qədim şəhərin azadlığına olan inamını itirmədi. Şuşaya qayıdış arzusu illər boyu hər bir azərbaycanlının qəlbində yaşadı və nəhayət, 2020-ci il noyabrın 8-də tarixi reallığa çevrildi.

Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri, Azərbaycan hərb tarixinin unudulmaz səhifəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və düşünülmüş hərbi strategiyası, Azərbaycan Ordusunun peşəkarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı nəticəsində xalqımız tarixi Zəfərə imza atdı.

Şuşanın azad edilməsi Azərbaycan dövlətçiliyinin yeni tarixində Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətli rəhbərliyinin və Ali Baş Komandan kimi üzərinə götürdüyü tarixi məsuliyyətin mühüm təzahürlərindən biridir. Dövlət başçısının rəhbərliyi ilə illər ərzində həyata keçirilən ordu quruculuğu, ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər üçün mühüm zəmin yaratdı. Şuşanın azad edilməsi ilə Prezident İlham Əliyevin qarşıya qoyduğu tarixi məqsədlərdən biri reallaşdı. Bu Zəfərin əsas qəhrəmanları isə canı və qanı bahasına torpaqlarımızı azad edən Azərbaycan əsgər və zabitləridir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Şuşanın azad edilməsindən sonra şəhərin bərpası və yenidən qurulmasını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi tarixi əhəmiyyət daşıyır. Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, tarixi abidələrin bərpası, infrastrukturun yenilənməsi, mədəni tədbirlərin yenidən keçirilməsi və sakinlərin doğma yurda qayıdışı şəhərin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Bu gün Şuşada həyata keçirilən quruculuq işləri yalnız bir şəhərin bərpası deyil, həm də milli yaddaşımızın, tarixi irsimizin və mənəvi dəyərlərimizin yenidən dirçəldilməsidir.

Şuşa artıq yalnız Zəfərimizin rəmzi deyil, həm də Azərbaycanın gələcəyə inamının, quruculuq əzminin və milli birliyinin təcəssümüdür. Bu qədim şəhərin yenidən dirçəlməsi, beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsi və doğma sakinlərini qoynuna alması xalqımızın tarixi yaddaşının bərpasıdır.

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bu tarixi Zəfəri bizə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Şuşanın azadlığı uğrunda göstərilən qəhrəmanlıq heç zaman unudulmayacaq.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button