
Azərbaycanın tarixi torpaqlarının azad olunması ilə başlanan yeni mərhələ bu gün Qarabağda genişmiqyaslı quruculuq və yenidənqurma işləri ilə davam edir. Bu prosesin ən mühüm ünvanlarından biri isə Şuşadır. Uzun illər həsrətlə gözlənilən doğma şəhərə qayıdış xalqımız üçün təkcə coğrafi məkanlara dönüş deyil, həm də tarixi yaddaşın, milli kimliyin və mənəvi dəyərlərin bərpasıdır. Şuşa özünəməxsus təbiəti, zəngin mədəni irsi və tarixi əhəmiyyəti ilə Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. Bu şəhərin yenidən qurulması dövlətimizin gələcəyə olan inamının və milli məsuliyyətinin təcəssümüdür.
Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi Böyük Qələbənin ən mühüm mərhələlərindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirərək şəhəri işğaldan azad etdi. Bu hadisə uzun illər doğma yurda qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərini gerçəkləşdirdi. Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və ordumuzun qüdrətinin parlaq təzahürü oldu. Həmin gün bütün ölkədə yaşanan sevinc hissi xalqımızın tarixi ədalətin bərpasına olan inamının nə qədər böyük olduğunu göstərdi.
Bu gün Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri şəhərin simasını yeniləyir. Tarixi binalar və mədəniyyət abidələri bərpa edilir, yollar və kommunal sistemlər yenilənir, müasir yaşayış məkanları yaradılır. Şəhərə qayıdan sakinlərin rahat yaşayışı üçün zəruri şəraitin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Şuşanın turizm potensialının inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və mədəni həyatının canlandırılması onun gələcəkdə daha böyük nüfuz qazanacağını göstərir. Böyük Qayıdış yalnız insanların doğma evlərinə dönməsi deyil, həm də Qarabağın iqtisadi, sosial və mədəni həyatının yenidən canlanması deməkdir.
8 Noyabr – Şuşa Şəhəri Günü azadlığın, qayıdışın və yenidən doğuluşun bayramıdır. Bu gün xalqımız həm tarixi Zəfərimizin sevincini yaşayır, həm də gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti dərk edir. Şuşanın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad ediləcəkdir. Onların qanı bahasına qazanılan bu qələbə gələcək nəsillərə müqəddəs əmanətdir. Şuşa bu gün azadlığın sevincini yaşayan, yenidən qurulan və inkişaf edən Azərbaycanın ən parlaq simvollarından biridir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



