Analitika

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

“Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin birgə müdafiə olunmasını, bir-birini qorumasını, dəstəkləməsini təmin edir. 15 iyun – Milli Qurtuluş Günündə imzalanmış Şuşa Bəyannaməsi həm də Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. İşğaldan azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə eyni zamanda iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir: “Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər də ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşa Bəyannaməsi həmçinin sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır, Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq,regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq”.

“Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button