Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyə qardaşlığının Yeni Zirvəsi
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi əlaqələrin yeni mərhələsinin təməlini qoyaraq, Azərbaycan və Türkiyənin qardaşlığını bütün dünyaya elan etdi.
Bu Bəyannaməsi, iki dövlət arasındakı müttəfiqlik əlaqələrinin geostrateji əhəmiyyətini artıraraq, qardaşlığın yeni tarixi dövrünü müəyyənləşdirir. Bu sənəd, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hər sahədə davamlı inkişafını təmin edir. Bəyannamə, siyasət, beynəlxalq müstəvidə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər strateji sahələri əhatə edir. Bu, iki ölkə arasındakı müttəfiqlik əlaqələrinin hər sahədə inkişafını təmin edir.
Şuşa Bəyannaməsi, bölgədə inteqrasiya proseslərini stimullaşdıraraq, sülh və inteqrasiyaya yeni yollar açır. Bu sənəd, bölgədəki iqtisadi və geostrateji proseslərə yeni perspektivlər gətirir. Əraziyə yeni sərmayə qoyuluşunu təşviq edərək, regionun artan investisiya potensialının formalaşmasına səbəb olacaq Bəyannamə Şuşa və ətrafının turizm imkanlarını genişləndirəcəkdir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və regional əhəmiyyətli iqtisadi layihələr, ölkələrin beynəlxalq nüfuzunu artırır. Bu sənəd, Azərbaycanın və Türkiyənin beynəlxalq arenadakı mövqelərini gücləndirir.
Şuşa Bəyannaməsində Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarına hörmət göstərilərək, bu liderlərin baxışları əks olunur. Bu da, iki ölkə arasındakı tarixi və siyasi bağların gücləndirilməsinə xidmət edir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Zəngəzur dəhlizi, böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir və geosiyasi əhəmiyyət daşıyır.
Bəyannamədə əks olunan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də qarşılıqlı investisiya qoyuluşlarıdır. Bu, ölkələrin iqtisadiyyatının sürətli inkişafına, zəruri sahələrin genişləndirilməsinə və strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi bir nailiyyətdir. Ölkələr, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı, hərbi gücü artıracaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev, Bəyannamənin imzalanmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşada imzalanmış bu Bəyannamə gələcək iş birliyimizin istiqamətini göstərir.”
Bəyannamə, Ermənistandakı revanşist qüvvələrə mühüm bir mesajdır. Türkiyə, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətə bildirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Bu da, Azərbaycanın və Türkiyənin milli gücünü artırır və dünyada mövqeyini gücləndirir.
Xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirmək üçün vacib olan Bəyannamə həmçinin diaspor sahəsində və media platformasında qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdə tutur. 15 iyun 2022-ci ildə, Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri və Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiya rəhbəri iştirak etmişdir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunmuşdur.
Aytən Məmmədova,
Xəzər rayonu, 206 nömrəli məktəbin müəllimi