
2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsi imzalanmışdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm hadisə olmaqla yanaşı, iki qardaş ölkə arasında strateji müttəfiqliyin yeni mərhələyə yüksəldiyini nümayiş etdirmişdir.
Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Bəyannamədə tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və milli maraqların qorunması məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərəcəyi xüsusi vurğulanır. Sənəd həmçinin regional təhlükəsizliyin təmin edilməsində Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin əhəmiyyətini ön plana çıxarır.
Bəyannamənin imzalanması məhz Şuşa şəhərində həyata keçirilməsi ilə də böyük rəmzi məna daşıyır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Şuşanın azad edilməsi Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olmuşdur. Bu səbəbdən Şuşada imzalanan sənəd həm qələbənin, həm də Azərbaycan-Türkiyə qardaşlığının simvolu kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi yer tutur. Sənədə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranacağı təqdirdə qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri dəstək mexanizmlərini işə salacaqlar. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir.
Eyni zamanda, bəyannamə iqtisadi əlaqələrin inkişafına, nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsinə və Türk dünyasının inteqrasiyasının gücləndirilməsinə də mühüm töhfə verir. Xüsusilə regional nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və qarşılıqlı investisiyaların artırılması sənədin əsas istiqamətlərindəndir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirən mühüm sənəddir. Bu bəyannamə iki dövlətin ortaq maraqlar ətrafında birliyini təsdiq etməklə yanaşı, regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə xidmət edən tarixi sənəd kimi böyük əhəmiyyət daşıyır.
Leyla Həsənova,
YAP Xətai rayon təşkilatı fəalı



