Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır

Bu ilin 4-6 iyun tarixlərində regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçirilib. Bakı Enerji Həftəsi özündə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbiri birləşdirir. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bu il keçirilən Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrildi.
Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayıb.
Prezident çıxışında bildirib ki, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi