Analitika

“Siyasi partiyalar haqqında Qanun”un qəbulu Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir. 

Siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında mühüm rol oynayan qurumlardır. Güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdələrinə düşən vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin  rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır. “Siyasi partiyalar haqqında Qanun”un Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına töhfə verəcəyi şübhə doğurmur. Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətindədirlər ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Siyasi partiya hakimiyyətə gəldikdən sonra kadr axtarışına çıxmamalı, əvvəlcədən zəruri hazırlıqlarını görməli, hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olmalıdır.Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, ilk növbədə, hakimiyyətin bu vəziyyətdən keçirdiyi narahatlıqla bağlıdır. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşacaq. Son nəticədə qazanan isə dövlətimiz, xalqımız və cəmiyyət həyatında samballı çəkisi olan siyasi partiyalar olacaq. Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparan əsas institutlar olaraq, ölkənin siyasi sistemində ən mühüm həlqəni təşkil edirlər. Bu baxımdan, əgər biz ölkənin siyasi sistemində yeni dövrün reallıqlarına uyğun fundamental islahatlar aparmaq istəyiriksə, ilk növbədə, bunun hüquqi bazasını, mexanizmlərini yaratmalıyıq. “Siyasi partiylar haqqında” yeni qanunun hazırlanması və qəbulu daha çox bu ehtiyacdan qaynaqlanır. Konkret desək, bu, yeni dövrün tələbidir, zərurətdir.

Tənzilə Lətifova ,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button