Silahlı qüvvələr günü
Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.
Ötən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimizin yüksək təşəbbüskarlığı, müdrik siyasəti və bacarığı sayəsində ölkəmiz sözün həqiqi mənasında, intibah dövrünü yaşamışdır. Hələ Sovet hökumətinin ən sərt bir dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün kursantların təhsil aldıqları hərbi məktəbin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrlarının hazırlanmasına yönəldilmiş təşəbbüs böyük cəsarət və qətiyyət tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını vətəninin çiçəklənməsinə həsr edə bilən dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.
Sonralar H.Əliyev deyirdi:
“Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Ulu öndərimiz o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır.
Ulu öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlərlə qarşıladı. Həmin gərgin günlərdə baş vermiş hadisləri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq hökm sürməyə başladı. Cəmiyyətdə ölkə başçısına inam artdı.
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən “Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onun xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram” – demişdir. Hakimiyyətdə olduğu illər ərzində ulu öndər dediyi sözlərə sadiq qaldı. Ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə, qətiyyət, güc nümayiş etdirən ümummilli liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu öndərimiz hakimiyyətə qayıdan kimi səmərəli işlahatlara başladı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləvi xarakter almış cinayət hallarının qarşısının alınmasına və həmçinin ən başlıcası ordu quruculuğu istiqamətində inamlı addımlar atıldı.
Müstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu. Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu. 1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
1992-ci il oktyabrın 9-da silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı