Serbiya-Azərbaycan əlaqələri özünün ən yüksək mərhələsindədir
“Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqinin şahidi oluram ki, bu da Prezident İlham Əliyevin dünyagörüşünün, eləcə də ölkəyə böyük məhəbbətlə yanaşan rəhbərliyin gücünün göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”. Bu sözləri Bakıya səfər edən Serbiya prezidenti Aleksandr Vuçiç öz sosial şəbəkə hesabında paylaşıb.
Uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə ciddi zəmin yaradıb. Şübhəsiz ki, aparılmış dəqiq siyasətin məntiqi nəticəsi olaraq regionun super gücü olan Azərbaycanla indi xarici ölkələrin əksəriyyəti əlaqələr qurmaqda, tərəfdaşlıq münasibəti yaratmaqda maraqlıdır. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları, eyni zamanda, liderlərin Azərbaycana səfərləri və ölkəmiz haqqında səsləndirilən müsbət fikirlər bunun sübutudur.Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.
Bu il oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib: “… Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”. Azərbaycan və Serbiya hər zaman biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ölkələrimiz arasında təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirdi ki, Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq.
Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar.
Mais Günəşli,
YAP-ın gənc fəalı.