GündəmSosial

Şəkidə 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

Şəki Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşlarının, Hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, partiya veteranları və fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz,suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu, yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı–Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərin də bu uğurların məntiqi nəticəsi olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək partiyanın yaranma tarixinə nəzər salıb, Azərbaycanı böyük təhlükələrdən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurət olduğunu vurğulayıb. Bildirib ki, məhz Milli Qurtuluşdan sonra ölkədə sabitlik bərqərar olunub, dövlət quruculuğu prosesi sürətlənib, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün möhkəm zəmin formalaşıb. O, Ümummilli Liderin siyasi kursunun bu gün də Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyini və tarixi Zəfərlərə imza atdığını qeyd edib.

Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla müstəqil dövlətçiliyimizin xilası və inkişafının əsasını təşkil edir. O bildirib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkədə hökm sürən siyasi böhranı aradan qaldırıb, vətəndaş qarşıdurmasının qarşısını alıb və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirib.

Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Cəsarət Abdullayev çıxış edərək 90-cı illərin əvvəllərində ölkədə baş verən siyasi hadisələrdən danışıb, bildirib ki, Ulu Öndərin qətiyyəti, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə sabitlik bərpa edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və Azərbaycanın davamlı inkişafının möhkəm təməli yaradıldı. Qeyd edib ki, gənc nəslin dövlətçilik tariximizi dərindən öyrənməsi, milli-mənəvi dəyərlərimizə sadiq olması və vətənpərvərlik ruhunda yetişməsi hər birimizin əsas vəzifəsidir. Milli Qurtuluş Günü bizə bir daha xatırladır ki, xalqın birliyi, güclü liderlik və milli həmrəylik dövlətimizin inkişafının başlıca şərtləridir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir neçə gənc üzvə vəsiqələr təqdim olunub.

Sonda 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın taleyini dəyişən zəfər günü” adlı sənədli filmi nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button