AnalitikaGündəm

Şanlı Zəfər tariximiz

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü.

Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. Bu döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. İşğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2020-ci ilin iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də zəfərimizə təkan verdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etdi.

Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğratdı. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu gün dövlətimiz işğaldan azad olunmuş ərazilərin, mənfur düşmənin xarabazara çevirdiyi rayonların, kəndlərin yenidən bərpası üçün əlindən gələni əsirgəmir. Artıq Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan  Ordusunun gücünü, xalqının qüdrətini bütün dünyaya sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

İsgəndərova Elnarə.
Xəzər rayonu, 125 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button