Sabitlik amili dövlətimizin inkişafının təməlində dayanan əsas xətlərdən biridir
Azərbaycan Respublikası hər zaman bir çox Beynəlxalq mərasimlərə ev sahibliyi etmişdir. Bu tədbirlərin təşkili ölkəmizin siyasi nüfuzunu, elmə, incəsənətə, idmana, iqtisadi yeniliklərə verdiyi xüsusi əhəmiyyətdən irəli gəlir. Növbəti belə önəmli hadisələrdən biri 2 oktyabr Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilən açılış mərasimi oldu. Prezident İlham Əliyev açılış mərasimində çıxış etmişdir. Əlli ildən sonra Konqres yenidən Bakıda keçirildi 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir.
Nüfuzlu beynəlxalq tədbir olan Beynəlxalq Astronavtika Konqresi 1951-ci ildən etibarən təşkil edilməkdədir. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan bu sahədə mütəxəssislərini yetişdirir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bu istiqamətdəki fəaliyyətlər dövlətin strateji prioritetini təşkil edir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdü.
Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.
Azərbaycanın strateji-coğrafi məkanda yerləşməsi onun əməkdaşlıq körpüsü missiyasına xidmət edir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.
Ölkəmiz dünya tarixində neft sənayesində bir çox ilklərə imza atmış dövlətdir. Azərbaycan dünyada ilk dəfə – XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda – Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.
Son dövrlərə nəzər saldıqda görərik ki, Azərbaycan dövlətinin inkişafı istiqamətində doğru hədəflərə addımlayır. Üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi.1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Bunun səbəbi ikili standartın tətbiq edilməsi, məsələnin ədaləti həllinə istiqamətlənməmək idi. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik.
Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulması və hamı üçün faydanın gətirilməsidir. Müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın qurulmasına yönəlmişdir. Biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyilik.
Sabitlik amili ölkəmizin davamlı inkişafını təmin edəcək əsas hədəfimizdir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz. Gənc ölkə olan Müstəqil Azərbaycanın hədəfləri daha güclü gələcək üçün çalışmaqdır.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi