AnalitikaGündəmSosial

Sabit inkişafın bünövrəsi- 15 İyun Milli Qurtuluş Günü

Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələr sırasında xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin dönüş nöqtəsi, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasının və gələcək inkişafının əsasını təşkil edən əlamətdar gündür. Bu tarix Azərbaycanı vətəndaş qarşıdurması, siyasi xaos və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edən, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlanğıcı kimi yaddaşlara həkk olunub.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli bir dövr yaşayırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, ölkə daxilində siyasi qeyri-sabitlik hökm sürürdü. Hakimiyyət uğrunda mübarizə, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül, hüquq-mühafizə orqanlarının zəifləməsi və sosial problemlərin dərinləşməsi dövlətçiliyin əsaslarını sarsıdırdı.

1993-cü ilin iyun ayında ölkədə vəziyyət daha da kritik həddə çatmışdı. Ayrı-ayrı silahlı qrupların fəaliyyəti, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhdid altına almışdı. Məhz belə ağır və məsuliyyətli bir dövrdə xalq öz xilaskarına – Heydər Əliyevə üz tutdu.

Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 9-da Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyin bərpasına nail oldu. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, xarici siyasətdə balanslaşdırılmış və milli maraqlara əsaslanan xətt formalaşdırıldı.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafına güclü təkan verdi, Azərbaycanı dünyanın enerji xəritəsində mühüm mövqeyə çıxardı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və iqtisadi islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Həmin dövrdə Müstəqil Azərbaycanın inkişaf tarixində mühüm rol oynayan siyasi təşkilat, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyası idi. Xalqın böyük inam və etimadı ilə təsis olunan YAP ölkənin siyasi həyatında sabitliyin, inkişafın və milli həmrəyliyin təmin edilməsində mühüm rol oynayıb. Heydər Əliyevin rəhbərliyi altında formalaşan partiya qısa müddətdə ümumxalq partiyasına çevrilərək Azərbaycanın inkişaf strategiyasının əsas siyasi dayaqlarından biri oldu. Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və dövlət siyasətinin uğurla icra olunmasına öz töhfəsini verir. YAP-ın fəaliyyəti milli maraqların qorunmasına, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, sosial rifahın yüksəldilməsinə və ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edir.

15 İyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi yalnız tarixi hadisənin anılması deyil, həm də dövlətçilik dəyərlərinə, milli həmrəyliyə və müstəqilliyə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il tarixli qərarı ilə bu gün rəsmi bayram elan edilmişdir.

Milli Qurtuluş Günü hər il xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan vətəndaşlarına dövlətçiliyimizin hansı çətinliklər hesabına qorunduğunu xatırladır, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edir. Eyni zamanda, bu tarix ölkənin inkişaf yolunun məhz sabitlikdən, milli birlikdən və güclü liderlikdən keçdiyini nümayiş etdirir.

15 İyun Azərbaycan xalqının öz dövlətini qorumaq əzmini, milli iradəsini və gələcəyə olan inamını təcəssüm etdirən mühüm tarixi gündür.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atmış, regionun lider dövlətinə çevrilmişdir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi qüdrəti əhəmiyyətli dərəcədə artmış, sosial rifah yüksəlmiş, geniş infrastruktur layihələri reallaşdırılmışdır. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, ölkəmiz etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət quruculuğu siyasətinin möhtəşəm nəticələri bütün dünyaya nümayiş etdirildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası, ölkənin iqtisadi və siyasi gücünün daha da artması Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideyaları, siyasi kursu uğurla davam etdirilir, Azərbaycan Qurtuluşdan Zəfərə, Zəfərdən isə yeni inkişaf və tərəqqi mərhələsinə doğru inamla irəliləyir. Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik əzminin təntənəsi olmaqla yanaşı, Azərbaycanın sabit inkişafının, güclü gələcəyinin və parlaq perspektivlərinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button