Rusiya rəsmiləri Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar

Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı. 1974-cü ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul edildi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu Öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu. Belə nəhəng və mürəkkəb layihənin icra edilməsi, yəni Baykal-Amur Magistralının tikintisinin başa çatdırılması üçün əsas olan məhz yüksək keyfiyyətli idarəetmə sisteminin qurulması idi. Yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Ümummilli Lider bu nəhəng layihənin idarəedilməsi sistemini qura bilmişdi. Çox çətin şərtlərlə icra edilən 4324 kilometr uzunluğundakı BAK-ın tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. Bu nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Belə ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, onun xatirə lövhəsi açılıb. Rusiya rəsmiləri Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar. Onlar bu magistralın tikintisi ilə bağlı verilən qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşındığını bildirirlər.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı