AnalitikaGündəmSosial

Revanşist qüvvələrə vacib mesaj

Şuşa Bəyannaməsinin mühüm əhəmiyyət kəsb edən istiqamətlərindən biri də regionda sülh və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi ilə bağlı verdiyi mesajlardır. Bu sənəd Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini hüquqi müstəvidə təsbit etməklə yanaşı, regionda gərginlik yaratmağa çalışan revanşist qüvvələrə də aydın və qəti mesaj göndərmişdir.

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşmışdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, beynəlxalq hüququn norma və prinsiplərini bərpa etmişdir. Bu reallıqların qəbul edilməsi regionda davamlı sülhün və əməkdaşlığın əsas şərtidir. Lakin müəyyən revanşist dairələrin keçmiş münaqişə dövrünün geri qayıtması ilə bağlı səsləndirdikləri əsassız iddialar regional sabitliyə təhlükə yaradan amillərdən biri kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsi belə qüvvələrə göstərdi ki, Azərbaycan öz milli maraqlarını qorumaq əzmindədir və bu məsələdə Türkiyə kimi güclü müttəfiqin dəstəyinə malikdir. Sənəddə əks olunan müddəalar iki qardaş dövlətin təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərəcəyini, regionda sülhə və sabitliyə yönəlmiş təşəbbüsləri birlikdə dəstəkləyəcəyini təsdiqləyir.

Bəyannamənin Şuşa şəhərində imzalanması da revanşist qüvvələr üçün xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış və Azərbaycanın qəhrəmanlıq salnaməsinin simvoluna çevrilmiş Şuşada müttəfiqlik sənədinin imzalanması bir daha nümayiş etdirdi ki, bölgədə yaranmış yeni reallıqlar dönməz xarakter daşıyır. Azərbaycan xalqının iradəsi, dövlətimizin siyasi qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi regionda yeni inkişaf mərhələsinin əsasını təşkil edir.

Şuşa Bəyannaməsində əksini tapan strateji əməkdaşlıq prinsipləri həm də onu göstərir ki, bölgənin gələcəyi qarşıdurma və düşmənçilikdə deyil, əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərindədir. Revanşizm ideyaları region xalqlarının maraqlarına xidmət etmir və onların inkişaf perspektivlərinə mane olur. Buna görə də sülh gündəliyinin dəstəklənməsi, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi və beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması bölgənin sabit gələcəyi üçün əsas şərtlərdən hesab edilir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin ortaq siyasi iradəsini ifadə etməklə, regionda sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısında güclü həmrəyliyin mövcud olduğunu nümayiş etdirir. Bu sənəd Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Ömər Bağırlı,
YAP Xətai rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button