AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Rəşadət Xalıqov: Zəngilanın dünəni faciəli işğalın, bugünü tarixi Zəfərin, sabahı isə güclü, müasir və firavan Azərbaycanın təcəssümüdür

“Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmliyini, xalqımızın sarsılmaz iradəsini, milli birliyinin qüdrətini nümayiş etdirən tarixi hadisələrdən biridir. Ermənistanın hərbi təcavüzü nəticəsində uzun illər işğal altında qalan Zəngilan 2020-ci il oktyabrın 20-də 44 günlük Vətən müharibəsinin gedişində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azadlığına qovuşdu. Bu möhtəşəm Qələbə tarixi ədalətin təntənəsi, beynəlxalq hüququn prinsiplərinə əsaslanan milli haqqımızın təntənəli təsdiqi idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən oktyabrın 20-nin Zəngilan Şəhəri Günü kimi təsis edilməsi bu şanlı tarixin dövlətçilik yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirərək regionda yeni geosiyasi reallıqların formalaşmasına mühüm töhfə verdi. Ermənistan və İranla həmsərhəd olan rayonun coğrafi mövqeyi Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması, regional kommunikasiyaların inkişafı və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Arazboyu ərazilərin nəzarətə götürülməsi və Ağbənd istiqamətində əldə olunan hərbi uğurlar Azərbaycanın sərhəd təhlükəsizliyini möhkəmləndirdi, eyni zamanda, Şərqi Zəngəzurun beynəlxalq nəqliyyat və logistika məkanına inteqrasiyası üçün əlverişli imkanlar yaratdı. Bu kontekstdə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın regional bağlantı imkanlarını genişləndirən strateji layihələr kimi çıxış edir. Zəngilanın inkişafı, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat istiqamətlərinin perspektivləri baxımından ölkəmizin tranzit potensialının gücləndirilməsinə xidmət edir.

“İşğal dövründə dağıntılara və talanlara məruz qalmış Zəngilanın yenidən qurulması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin mühüm istiqamətidir. Dövlətin əsas prioritetlərindən biri azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılması, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışının təmin edilməsidir. Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan “Ağıllı kənd” layihəsi bu siyasətin konkret nəticəsi olmaqla müasir texnologiyaların, dayanıqlı inkişaf prinsiplərinin və sosial rifah modelinin tətbiqinə nümunədir. Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması, yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məntəqələrinin bərpası və yeni iqtisadi imkanların yaradılması rayonun gələcəkdə mühüm regional mərkəzə çevrilməsi üçün zəmin formalaşdırır. Bununla yanaşı, minalardan təmizləmə, ekoloji tarazlığın qorunması və əhalinin məşğulluğunun təmin edilməsi Böyük Qayıdış prosesinin davamlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir”. – deyə Rəşadət Xalıqov qeyd edib.

Onun sözlərinə görə, Zəngilan şəhərinin azad olunması və yenidən dirçəldilməsi Azərbaycan tarixinin hərbi Qələbədən quruculuq mərhələsinə keçidini təcəssüm etdirən parlaq nümunədir. Bu gün Zəngilanda ucalan yeni binalar, salınan yollar, inkişaf edən infrastruktur və doğma yurdlarına qayıdan sakinlər xalqımızın tarixi yaddaşının, milli həmrəyliyinin və dövlətimizin gücünün canlı ifadəsidir. Zəngilanın bərpası Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı strategiyanın mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla davam etdirilməsi dövlət suverenliyinin möhkəmləndirilməsinə, əhalinin rifahının yüksəldilməsinə və regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Zəngilanın dünəni faciəli işğalın, bugünü tarixi Zəfərin, sabahı isə güclü, müasir və firavan Azərbaycanın təcəssümüdür.

Oxşar Xəbərlər

Back to top button