AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycan-İran münasibətlərində strateji mahiyyət daşıyan hadisə kimi tarixə düşdü

“2025-ci il aprelin 2-də İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycan-İran münasibətlərində strateji mahiyyət daşıyan hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin mətbuat qarşısında verdiyi bəyanatlar və imzalanan sənədlər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bir daha nümayiş etdirdi”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, iki qonşu xalq – azərbaycanlılar və iranlılar – əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşayıblar. Bu tarixi bağlar bu gün dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, İran Prezidentinin Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti ilə səfəri bu münasibətlərin dərinliyini və qarşılıqlı etimadı bir daha təsdiqləyir. Tərəflər arasında səmimi fikir mübadiləsi və strateji məsələlər üzrə razılıqlar, münasibətlərin gələcək inkişafına olan qarşılıqlı siyasi iradənin göstəricisidir. Eyni zamanda Azərbaycan və İran bir sıra beynəlxalq təşkilatlar – BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı çərçivəsində daim bir-birini dəstəkləyir. Bu diplomatik həmrəylik, iki ölkənin regional və qlobal siyasətdə bir-birinin mövqeyini gücləndirdiyini göstərir. Prezidentlərin görüşündə bölgədə sülhün, sabitliyin və suverenlik prinsipinə əsaslanan siyasətin davam etdirilməsi xüsusi vurğulandı.

“Görüş çərçivəsində imzalanan sənədlər geniş spektrli sahələri əhatə edir: siyasi məsləhətləşmələr proqramı, nəqliyyat sahəsində əməkdaşlıq, dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması, mədəni mübadilə və media əməkdaşlığı haqqında memorandumlar. Bu sənədlər təkcə əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirmir, həm də qarşılıqlı niyyətin və güclü siyasi iradənin bariz nümunəsidir”.

Onun sözlərinə görə, Prezident Pezeşkianın Bakıya səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanatlar iki dövlət arasında strateji əməkdaşlığın dərinləşəcəyinə dair nikbinlik yaradır. Azərbaycan və İran dostluq, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında regionda sabitliyin və tərəqqinin təmin olunması üçün mühüm rol oynamağa davam edirlər.

Oxşar Xəbərlər

Back to top button