AnalitikaGündəm

Qubadlıda həyat yenidən canlanacaqdır

31 avqust 1993-cü il. Xalqımızın tarixinə yazılan növbəti qara tarix. Çünki bu tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlı işğal olunmuşdu. İşğal nəticəsində rayondan 2997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Şəhər və kəndlər də tamamilə dağıdılmışdır. Erməni barbarların vəhşi hərəkətləri burada da özünü gösərmişdi. Əhaliyə maddi və mənəvi cəhətdən külli miqdarda ziyan dəymişdir.

25 oktyabr tarixində Qubadlının üstündən qara buludlar çəkildi. 44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldanazad etdi. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq. Çox şükür, uzun illəri məşəqqətli ayrılığından sonra arzularımız çin oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. Hamımız tarixi bir müharibənin iştirakçısına çevrildik. Müharibədə, az qala, hər ailəni düşmənə nifrət, vətənə məhəbbət ruhunda tərbiyə edilən oğullar təmsil eləyirdi. Əlində üçrəngli bayrağımız yellənən körpə uşaqlarımızdan tutmuş köksündə ürəyi payız yarpağı kimi titrəyən qocalarımıza qədər hamı müharibənin gedişini həyəcanla izləyir, Prezident İlham Əliyevdən qələbə müjdəli xəbərlər gözləyirdi…

Vətən sevgisi on milyon “mən”i birləşdirib vahid “biz”ə döndərmişdi. Qələbənin ən mühüm şərtlərindən biri də elə bu idi. Bütün açıq və gizli havadarlarının köməyinə baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Azərbaycan Ordusu qalib gəldi! Əyilmiş başlarımız dikəldi. Dünyanın gözünün içinə düz baxdıq. Dünya Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu.

İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Eləcə də Qubadlı rayonunun bütün kəndlərində tikinti işləri gedir. Rayonun kəndləri, eləcə də şəhərin özü yenidən qurulacaqdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Qubadlıya səfərləri zamanı bunu aydın şəkildə ifadə etmişdir. Çox keçməyəcək Qubadlı da digər şəhər və kəndlərimiz də öz qaynar həyatına geri dönəcəkdir.

Şükufə Əhmədova,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button