
Hər bir xalqın tarixində gələcək nəsillərə ötürülməsi vacib olan əlamətdar günlər var. Azərbaycan xalqı üçün Qubadlı Şəhəri Günü həm qəhrəmanlığın, həm də tarixi ədalətin bərpasının rəmzidir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla oktyabrın 25-nin Qubadlı Şəhəri Günü elan edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində qeyd olunmasını təmin etdi.
2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Bu qələbə Vətən müharibəsinin gedişinə mühüm təsir göstərdi və Azərbaycanın hərbi-strateji mövqelərini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğur xalqımızın ərazi bütövlüyünün bərpasına olan inamını möhkəmləndirdi.
Qubadlı Şəhəri Gününün təsis edilməsi şəhidlərin xatirəsinin yad olunması, müharibə iştirakçılarının fədakarlığının qiymətləndirilməsi və tarixi hadisələrin gənc nəslə çatdırılması baxımından əhəmiyyətlidir. Bu tarix Qubadlı sakinlərinin doğma torpaqlarına bağlılığını, xalqımızın birlik və həmrəylik ruhunu ifadə edir. Eyni zamanda, şəhərin azadlığı uğrunda göstərilən qəhrəmanlığın unudulmayacağını təsdiqləyir.
Qələbədən sonra Qubadlıda bərpa və quruculuq işlərinə başlanılması şəhərin gələcək inkişafına yeni istiqamət verdi. Baş planın hazırlanması, yaşayış məhəllələrinin və sosial obyektlərin tikintisi, yol və enerji infrastrukturunun inkişafı sakinlərin qayıdışı üçün zəruri şərait yaradır. Bu layihələr Qubadlı Şəhəri Gününün ifadə etdiyi tarixi qüruru gündəlik həyatın real nəticələri ilə tamamlayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti Qubadlının yenidən abad və inkişaf edən şəhərə çevrilməsini hədəfləyir. Hər il oktyabrın 25-də qeyd olunan Qubadlı Şəhəri Günü xalqımızın qələbə iradəsini və doğma torpaqlara sədaqətini xatırladır. Bu tarix Azərbaycan dövlətinin suverenliyinin, milli birliyin və gələcəyə inamın rəmzi kimi yaşayacaq.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



