AnalitikaGündəm

Qubadlı rayonu faydalı qazıntı ehtiyatlarına malikdir

Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.

Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir. 1993-cü il Qubadlının işğalınadək 94 kəndi olmuşdur. İşğala qədər Qubadlının Ermənistan Respublikası ilə 120 km-lik sərhəd zolağı var idi. Qarabağ münaqişəsi başladığı vaxtdan Qubadlı təcavüzün , erməni terrorunun obyektinə, qaynar nöqtəsinə çevrildi.2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi.

Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Burada mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qeyd edilən ehtiyatların hər biri Kəlbəcər-Laçın iqtisadi rayonunu digər iqtisadi rayonlardan fərqləndirən əsas cəhətlərdəndir. Qubadlı rayonunun ərazisində ehtiyatları 6 mln 247 min m3 mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) daşı xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur. Xüsusilə, bu yataqdan kimya sənayesi və bəzək sahəsində istifadə edilə bilər. Rayonun işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılaya bilərik.

Rayon ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları (Ağa çay, Kiçik Həkəri, Meydan dərəsi və s.) axır. Sözügedən çay suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Mütəxəssislərin fikrincə, Qubadlı bölgəsinin su ehtiyatlarından istifadə ilə gücü təxminən 40 MGW olan su elektrik stansiyası tikmək mümkündür ki, bu Kəlbəcər-Laçın iqtisadi rayonunun böyük hissəsini su ilə təmin edə bilər. Bundan əlavə, su ehtiyatları vasitəsilə Dağlıq Qarabağın digər suya tələbatlı sahələrinin inkişafı üçün böyük bir stimul ola bilər. Beləliklə də, Kəlbəcər-Laçın iqtisadi rayonunda yerləşən Zəngilan və Qubadlının işğaldan azad olunmasından sonra iqtisadi rayonun 50 faiz hissəsi Azərbaycan dövlətinin nəzarətinə keçmişdir. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.

Şəfiqə Yaqublu,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button