
Azərbaycanın hər bir bölgəsi özünəməxsus tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə xalqımızın ümumi kimliyinin formalaşmasında mühüm rol oynayır. Qubadlı da bu zənginliyin ayrılmaz hissəsidir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü doğma torpağın azadlığına qovuşmasının sevincini yaşadan, milli yaddaşımızı daha da gücləndirən əlamətdar tarixdir. Bu gün xalqımızın keçmişə ehtiramını, bu günə qürurunu və gələcəyə inamını özündə birləşdirir. Qubadlının azadlığı Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, milli həmrəyliyin və vətənpərvərliyin necə böyük qüvvəyə çevrildiyini də nümayiş etdirir.
Qubadlı haqqında düşünəndə ilk növbədə bu torpaqda formalaşmış həyat tərzi, ailə ənənələri və insan münasibətlərinin səmimiyyəti yada düşür. Doğma yurddan uzaqda yaşamaq məcburiyyətində qalan insanların xatirələrində Qubadlı həmişə canlı qaldı. Onlar öz doğma yurdlarının adını yaşatmaqla yanaşı, övladlarına da bu torpağın tarixini və mənəvi əhəmiyyətini öyrətdilər. Qubadlı sevgisi ailə söhbətlərində, xatirələrdə və qəlblərdə qorunaraq nəsillər arasında möhkəm bağ yaratdı. Bu bağlılıq sübut etdi ki, insanı doğma torpağına bağlayan yalnız ev və küçələr deyil, həm də tarix, mədəniyyət və mənəvi köklərdir.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması milli yaddaşımızın ən qürurlu səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusu bu torpaqda öz qəhrəmanlığını nümayiş etdirdi, dövlətimizin gücü və xalqımızın həmrəyliyi tarixi nəticənin əldə olunmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfər xalqımızın öz torpaqlarına sahib çıxmaq əzmini bir daha təsdiqlədi. Bu tarixi qələbə şəhidlərimizin fədakarlığı, qazilərimizin mərdliyi və hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisi ilə bağlıdır. Onların göstərdiyi igidlik gələcək nəsillərin yaddaşında daim yaşayacaq.
Qubadlının bu günü və sabahı Azərbaycanın ümumi inkişafı ilə sıx bağlıdır. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri doğma torpaqların yenidən həyat qazanmasına, insanların öz yurdlarına qayıtmasına və bölgənin inkişafına xidmət edir. Qubadlının gələcək inkişafı onun zəngin potensialının üzə çıxarılması, milli irsinin qorunması və müasir həyat şəraitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. 25 Oktyabr hər birimizə milli yaddaşımızı qorumağın, tariximizi gələcək nəsillərə çatdırmağın və müstəqil dövlətimizin gücünü daha da artırmağın vacibliyini xatırladır. Qubadlı Azərbaycan xalqının yaddaşında azadlığın və qürurun silinməz səhifəsi olaraq qalacaq.
Günel Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



