
Qarşıdan çox önəmli və tarixi bir gün gəlir. Bu önəmli tarix dədə-baba torpağımız Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də azad olunması günüdür. Heç şübhəsiz deyə bilərik ki, həmin gün bizim qələbəmizi yaxınlaşdıran gün kimi tarixə düşmüşdür. Sevincli haldır ki, Qubadlı camaatı öz torpaqlarına 27 il sonra qovuşdu. Bildiyimiz kimi, Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının isə cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Rayon ərazisi dağlıq zonada yerləşir və təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Çox təəssüf ki, ermənilər 1988-ci ildən başlayaraq Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlara keçmiş, dinc əhaliyə qarşı amansızcasına davranmışdılar. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Xaricdən gətirilən ermənilər isə burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bütün bu haqsızlıqlara baxmayaraq nə xalqımız, nə prezidentimiz, nə də ordumuz geri çəkilmədi. 27 il sonra haqq-ədalət bərpa olundu.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə təmizlədi. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Abdullazadə Türkanə,
Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi