Qoşulmama Hərəkatındakı yerimiz bizim üçün geniş imkanlar açır
Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.Digər tərəfdən, Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də keçirilən Zirvə görüşünün vacib çağırışlar və təşəbbüslərlə yadda qalıb. Hərəkatın sədri Prezident İlham Əliyevin geniş nitqində bu gün qütbləşmənin yaşandığı bir dövrdə yeni dünya nizamının yaradılması ilə bağlı çox vacib məsələ gündəmə gətirildi. BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəsiz olması və müəyyən maraqlara işləməsi dünya nizamına ayrı-seçkilik, ikili standartlar və selektiv yanaşmalar gətirib. Ona görə də BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının, bütün qitələrin nümayəndələrinin və Qoşulmama Hərəkatına sədrlik edən ölkənin daimi üzvlər arasında yer almasının vacibliyi qeyd olundu. Çünki Afrika kimi böyük bir qitənin daimi əsasda təmsil olunmadığı Təhlükəsizlik Şurasının bu qitə haqqında qərarlar qəbul etməsi düzgün deyil. O cümlədən dünya əhalisinin 2 milyarda yaxını müsəlman olduğu təqdirdə müsəlman ölkələr BMT Təhlükəsizlik Şurasında daimi qaydada təmsil olunmadan onların taleyi haqqında ədalətli qərarlar qəbul edilə bilməz. Dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama Hərəkatına sədrlik edən ölkənin BMT Təhlükəsizlik Şurasında olmaması heç bir məntiqə uyğun gəlmir. Bütün bunlar dünya nizamı üçün vacib məsələlərdir.
Günel Ədürrəhmənova,
YAP-ın gənc fəalı