Analitika

Qoşulmama Hərəkatındakı liderliyimiz bizim beynəlxalq nüfuzumuzun göstəricisidir

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin  gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi.  Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, QH-yə üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə nail olur. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button