AnalitikaGündəmSiyasət

Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının çoxəsrlik tarixinin, milli-mədəni yaddaşının və zəngin irsinin mühüm tərkib hissəsidir. Bu ərazilərdə əsrlər boyu yaradılmış məscidlər, qəbiristanlıqlar, türbələr, yaşayış məskənləri, memarlıq nümunələri və digər tarixi abidələr xalqımızın burada mövcudluğunun maddi sübutlarını təşkil edib. Təəssüf ki, həmin irsin əhəmiyyətli hissəsi müxtəlif dövrlərdə  ermənilər tərəfindən dağıdılıb, dəyişdirilib və ya tarixi mənşəyi təhrif edilməyə çalışılıb.

  Azərbaycan xalqının tarixi-mədəni irsi nəsildən-nəslə ötürülən milli sərvətdir. Bu baxımdan Qərbi Azərbaycan ərazisində mövcud olmuş tarixi abidələrə münasibət yalnız ayrı-ayrı tikililərin taleyi məsələsi deyil, həm də xalqımızın tarixi yaddaşının qorunması məsələsidir.

  Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

  XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların doğma yurdlarından deportasiya edilməsi ilə yanaşı, onların tarixi və mədəni irsinə də ciddi zərər vurulub. 1948–1953-cü illərdə həyata keçirilmiş deportasiya və 1987–1991-ci illərdə azərbaycanlı əhalinin Ermənistan ərazisindən çıxarılması bu prosesin ən mühüm mərhələləri sırasında göstərilir. Bu hadisələr nəticəsində yüz minlərlə insan öz doğma kənd və şəhərlərindən didərgin salınıb, onların yaratdığı maddi-mədəni irs isə tədricən öz əvvəlki daşıyıcılarından məhrum edilib.

  Qərbi Azərbaycanda Azərbaycan mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcı proseslər yalnız abidələrin fiziki məhv edilməsi ilə məhdudlaşmayıb. Tarixi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, Azərbaycan mənşəli toponimlərin aradan qaldırılması, tarixi-memarlıq nümunələrinin ilkin görkəminin dəyişdirilməsi və onların mənşəyinin fərqli təqdim edilməsi də tarixi yaddaşa təsir göstərən mühüm amillərdən olub.

  Tarixi toponimlər bir xalqın həmin ərazi ilə bağlılığını müəyyən edən mühüm mənbələrdəndir. Kənd, şəhər, çay, dağ və digər coğrafi obyektlərin qədim adları həmin ərazilərin tarixi, etnoqrafiyası və demoqrafik vəziyyəti haqqında qiymətli məlumatlar verir. Bu adların dəyişdirilməsi isə yalnız coğrafi adın dəyişdirilməsi deyil, həm də tarixi yaddaşın müəyyən elementlərinin aradan qaldırılması kimi qiymətləndirilir.

  Qərbi Azərbaycan mədəni irsinin mühüm hissəsini məscidlər və digər dini-mədəni abidələr təşkil edib. Bu məkanlar xalqımızın dini həyatının, memarlıq ənənələrinin və sosial-mədəni münasibətlərinin formalaşmasında mühüm rol oynayıb.Azərbaycan Xarici İşlər Nazirliyinin materiallarında indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus bir sıra məscid və digər dini-mədəni obyektlərin dağıdılması və ya ilkin xüsusiyyətlərinin dəyişdirilməsi barədə məlumatlar təqdim olunur. İrəvanda yerləşən Dəmirbulaq məscidinin dağıdılması, Sərdar məscidi və digər tarixi obyektlərin taleyi ilə bağlı faktlar da rəsmi materiallarda qeyd edilir. Bu abidələrin hər biri Azərbaycan xalqının həmin ərazilərdəki tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki məscidlər yalnız ibadət məkanı deyil, eyni zamanda memarlıq, epiqrafika, şəhərsalma və sosial tarix baxımından qiymətli mənbələrdir.

  Qərbi Azərbaycan mədəni irsinin ən mühüm elementlərindən biri də qədim qəbiristanlıqlardır. Qəbir daşları üzərindəki kitabələr, tarixlər, adlar və digər məlumatlar müəyyən ərazidə yaşamış insanların tarixinin öyrənilməsi üçün mühüm mənbədir.Qəbiristanlıqların dağıdılması və qəbirüstü abidələrin məhv edilməsi nəticəsində yalnız maddi obyektlər yox, gələcək elmi araşdırmalar üçün qiymətli tarixi məlumatlar da itirilir. Bu baxımdan qəbiristanlıqların qorunması tarixi yaddaşın qorunmasının ayrılmaz hissəsidir. Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı peyk görüntüləri əsasında müxtəlif məlumatların mövcudluğu həmin məsələnin sistemli şəkildə araşdırılmasını və tarixi faktların sənədləşdirilməsini zəruri edir.

  Qərbi Azərbaycan irsinin qorunması istiqamətində qarşıda duran əsas vəzifələrdən biri tarixi faktların Qərbi Azərbaycan İcması tərəfindən sistemli şəkildə toplanması və elmi əsaslarla araşdırılmasıdır. Bu məqsədlə arxiv sənədlərinin, qədim xəritələrin, fotoşəkillərin, kitab və digər yazılı mənbələrin, qəbirüstü kitabələrin, tarixi toponimlərin və şahidlərin xatirələrinin toplanması mühüm əhəmiyyət daşıyır. Müxtəlif mənbələrdən əldə edilən məlumatların müqayisəli şəkildə araşdırılması və elmi dövriyyəyə daxil edilməsi tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Burada əsas məqsəd tarixə siyasi və emosional yanaşma deyil, faktların sənədlər və elmi araşdırmalar əsasında qorunması olmalıdır. Tarixi irsə münasibətdə obyektivlik, elmi yanaşma və beynəlxalq mədəni irs prinsiplərinə hörmət əsas götürülməlidir.

  Qərbi Azərbaycan məsələsi Azərbaycan cəmiyyətində yalnız tarixi yaddaş məsələsi kimi deyil, doğma yurdlarından didərgin salınmış insanların hüquqları və sülh yolu ilə qayıdış arzusu kontekstində də müzakirə olunur. Azərbaycanın rəsmi mövqeyində Qərbi Azərbaycana qayıdışın sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirilməsi vurğulanır. Bu baxımdan tarixi-mədəni irsin qorunması da gələcəkdə həmin ərazilərdə mədəni müxtəlifliyin və tarixi irsin bərpası baxımından mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışı deyil, eyni zamanda tarixi yaddaşın, mədəni irsin və milli kimliyin qorunması məsələsidir. Bu səbəbdən Qərbi Azərbaycan irsinin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

  Qərbi Azərbaycanda dağıdılmış və dəyişdirilmiş Azərbaycanmədəni irsinin öyrənilməsi uzunmüddətli və sistemli tədqiqat tələb edir. Hər bir tarixi abidə, qədim yaşayış məskəni, qəbiristanlıq, məscid və toponim xalqımızın keçmişi haqqında müəyyən məlumat daşıyır. Bu irsin sənədləşdirilməsi, tədqiqi və tanıdılması Azərbaycan xalqının tarixi yaddaşının qorunmasına xidmət edir. Eyni zamanda, bu istiqamətdə aparılan işlər mədəni irsin ümumbəşəri dəyərlər əsasında qorunmasına və gələcək nəsillərin tarix haqqında daha dolğun məlumat əldə etməsinə imkan yaradır.

  Tarix yaddaşdır. Yaddaş isə sənədlə, elmi araşdırma ilə və gələcək nəsillərə ötürülən həqiqətlə yaşadılır. Qərbi Azərbaycanmədəni irsinin öyrənilməsi və qorunması bu baxımdan yalnız milli məsələ deyil, tarixi-mədəni irsə hörmət və onun gələcək nəsillərə çatdırılması baxımından mühüm vəzifədir.

 

Ziya Vəliyeva,
YAP Şəki rayon təşkilatının sədr müavini
(Qərbi Azərbaycan İcmasının
Şəki şəhəri üzrə nümayəndəsi, Əştərək rayon icmasının sədri )

 

 

 

Oxşar Xəbərlər

Back to top button