Gündəm

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin zəngin təbii resurslarından səmərəli istifadə edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində sənayenin müxtəlif sahələrində yeni istehsal müəssisələri yaradılır, regionların iqtisadi potensialından daha geniş istifadə olunur və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafına xüsusi diqqət yetirilir.

Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiysının Sədri, Prezident İlham Əliyevin 22 sentyabr 2026-cı ildə Bakıda “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı bu sahənin qarşıdakı illərdə ölkənin sənaye inkişafında mühüm istiqamətlərdən biri olacağını bir daha nümayiş etdirdi. Dövlət başçısı Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı olduğunu vurğuladı.

Qərb Sənaye Parkının yaradılması haqqında Prezidentin 15 yanvar 2026-cı il tarixli Fərmanı ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılması baxımından mühüm addımdır. Parkın Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılması nəzərdə tutulub.

Qərb Sənaye Parkının qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mineral xammal ehtiyatlarının yalnız hasil edilməsi ilə kifayətlənməyərək, həmin resursların emalını və son məhsula çevrilməsini təmin edən müasir sənaye zəncirinin yaradılmasıdır. Prezident İlham Əliyev müşavirədə məhz bu məsələyə xüsusi diqqət çəkərək dağ-mədən sənayesində filiz hasilatından zənginləşdirməyə, pelet və briketləşdirilmiş dəmir istehsalına qədər tam zəncirin formalaşdırılmasının vacibliyini qeyd edib.

Bu yanaşma ölkənin təbii sərvətlərindən daha yüksək iqtisadi səmərə əldə edilməsinə imkan yaradacaq. Xammalın ölkə daxilində emal olunması əlavə dəyərin Azərbaycanda formalaşmasına, yeni istehsal sahələrinin yaranmasına, sənaye kooperasiyasının genişlənməsinə və ixrac imkanlarının artırılmasına şərait yaradacaq. Beləliklə, dağ-mədən sənayesi yalnız hasilat sektoru kimi deyil, metallurgiya, nəqliyyat, logistika, xidmət və digər əlaqəli sahələri özündə birləşdirən kompleks iqtisadi istiqamət kimi inkişaf etdiriləcək.

Dövlət Proqramında “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, müxtəlif metal filizlərinin emalı və yeni istehsal güclərinin yaradılması nəzərdə tutulur. “Daşkəsən” layihəsi çərçivəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, “Filizçay” yatağında isə mis, sink və qurğuşunun tamhəcmli emalının həyata keçirilməsi planlaşdırılır.

Bu layihələrin reallaşdırılması Azərbaycanın sənaye potensialının əhəmiyyətli dərəcədə genişlənməsinə xidmət edəcək. Eyni zamanda metallurgiya sahəsində yeni istehsal müəssisələrinin yaradılması ölkənin idxaldan asılılığının müəyyən istiqamətlər üzrə azalmasına, yerli istehsal imkanlarının artırılmasına və qeyri-neft ixracının genişləndirilməsinə əlavə imkanlar formalaşdıracaq.

Qərb Sənaye Parkının əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Sənaye müəssisələrinin yaradılması regionlarda yeni iş yerlərinin açılmasına, peşəkar kadr potensialının formalaşmasına, xidmət sektorunun inkişafına və əhalinin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər. Prezident İlham Əliyev müşavirədə Dövlət Proqramının icrası nəticəsində beş mindən çox yeni iş yerinin yaradılmasının gözlənildiyini də bildirib.

Dağ-mədən sənayesinin inkişafında mühüm məsələlərdən biri də ekoloji təhlükəsizliyin təmin edilməsidir. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın əsas sərvətlərindən biri onun təbiətidir və yeni layihələrin həyata keçirilməsi zamanı yüksək ekoloji standartlara əməl olunmalıdır. Bu yanaşma sənaye inkişafı ilə ətraf mühitin qorunmasının paralel şəkildə təmin edilməsini dövlət siyasətinin mühüm prinsiplərindən biri kimi müəyyənləşdirir.

23 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi isə bu istiqamətdə qarşıya qoyulan hədəflərin artıq konkret dövlət proqramı çərçivəsində həyata keçiriləcəyini göstərir. Sənəddə tədbirlərin əlaqələndirilməsi, icrasına nəzarət, monitorinq və maliyyələşdirmə mexanizmləri də müəyyənləşdirilib.

Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri təbii resursların milli iqtisadiyyatın inkişafına daha böyük töhfə verməsini təmin etməkdir. Qərb Sənaye Parkı bu baxımdan mühüm sənaye platformasına çevrilərək regionun istehsal potensialının artırılmasına, müasir texnologiyaların tətbiqinə və yeni dəyər zəncirlərinin formalaşdırılmasına xidmət edə bilər.

Beləliklə, Qərb Sənaye Parkının yaradılması və 2027–2030-cu illər üçün Dövlət Proqramının icrası Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu layihələr ölkənin zəngin mineral-xammal bazasının daha səmərəli istifadəsi, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı, ixrac potensialının gücləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Qərb Sənaye Parkının timsalında Azərbaycan bir daha nümayiş etdirir ki, təbii sərvətlərin səmərəli idarə olunması yalnız onların hasilatı deyil, həm də həmin resursların ölkə daxilində emal edilərək yüksək əlavə dəyərli məhsula çevrilməsi, yeni sənaye sahələrinin yaradılması və milli iqtisadiyyatın uzunmüddətli inkişafına xidmət etməsi deməkdir.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button