Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır! Müstəqil Azərbaycan dövləti öz tarixi qürurlu günlərini yaşayır. 2020-ci ilin 27 sentyabrında başlayaraq , cəmi 44 gün davam edən Vətən müharibəsi bizə bir xalq olaraq, ta qədimlərdən mövcud olan mənliyimizi , qürurumuzu , ləyaqətimizi , qeyrətimizi qaytardı . Təbii ki, həmişə olduğu kimi bu çətin günlərimizdə də qardaş Türkiyə bizi hərb meydanında tək buraxmadı, sonacan həmrəyliyini nümayiş etdirdi.
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Bu tarix uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq: “Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Prezidentimizin deyildiyi kimi: xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin Tarix müəllimi