AnalitikaGündəm

Qələbə bizim xalqımıza yaraşır

Qarabağ  müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirmişdir. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan  məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmişdir. Azərbaycan müharibədən sonra dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırmışdır. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular.

Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirən ordumuz qanunsuz erməni silahlı birləşmələrinin hərbi obyektləri və infrastrukturu hədəfə alaraq neytrallaşdırdı. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

Qarabağ bölgəsində Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr ölkəmizi “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əməliyyat beynəlxalq aləmdə müxtəlif reaksiyalara səbəb oldu.Bəzi ölkələr əməliyyatı dəstəklədiklərini ifadə etdilər. Azərbaycan tərəfi olaraq ölkə başçımız hər zaman vurğulayıb ki, biz dinc əhali ilə mübarizə aparmırıq, buna sübut olaraq Azərbaycanın erməni işğalçılarından azad etdiyi torpaqlarda hələ də erməni əhalisinin bir qisminin yaşamasını misal gətirə bilərik. Onlar öz vəziyyətlərindən tamamilə razıdır.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi.

Əlişayeva Samirə,
Xəzər rayonu, E.Əliyev adına 234 №li tam orta məktəbin psixoloqu

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button