AnalitikaGündəmSiyasət

Qardaşlığın və Qayıdışın Simvolu

28 May – Müstəqillik Günü münasibətilə Laçında baş tutan tədbirlər həm siyasi, həm də mənəvi baxımdan ölkəmizin müasir tarixində mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və Böyük Qayıdış prosesi fonunda bu görüşlər Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların rəmzinə çevrilmişdir. Laçında keçirilən möhtəşəm tədbirlərə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qatıldılar. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında bir araya gəlməsi üç dövlət arasında mövcud olan dərin dostluğun və qarşılıqlı etimadın bariz göstəricisidir. Bu zirvə, ortaq tarix, mədəni irs və strateji maraqlar üzərində qurulmuş unikal əməkdaşlıq modelinin parlaq təcəssümüdür.

Prezident cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, işğaldan azad edilmiş Laçında belə bir görüşün keçirilməsi təkcə siyasi deyil, həm də rəmzi məna daşıyır. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın göstərdiyi açıq dəstək bu gün də strateji tərəfdaşlığın əsas dayaqlarındandır.

Tədbirlər çərçivəsində Laçında bir sıra mühüm sosial və infrastruktur obyektlərinin açılışı həyata keçirildi. Bu açılışlar azad edilmiş ərazilərdə həyatın tam bərpasına və dayanıqlı inkişafına xidmət edən strateji addımlar kimi qiymətləndirilir. Azad olunmuş ərazilərdə quruculuq, infrastrukturun bərpası, əhalinin geri dönüşü və sosial-iqtisadi layihələrin icrası ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsinə xidmət edir. Laçında keçirilən üçtərəfli zirvə görüşü bu prosesə verilən beynəlxalq dəstəyin də göstəricisidir.

Bu əməkdaşlıq formatı gələcəkdə müdafiə, nəqliyyat, enerji və mədəniyyət sahələrində geniş layihələrin əsasını təşkil edəcək. Laçın Zirvəsi eyni zamanda regional sabitliyin, inteqrasiyanın və qarşılıqlı etimadın rəmzi kimi tarixə düşüb.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button