AnalitikaGündəm

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Düz bir il əvvəl sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat çəkən bu hərbi əməliyyatla Azərbaycan ərazilərində 200 il idi davam edən erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı.

Xalqımız bu müharibədə yumruq kimi bir oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. Bunların içərisində ən möhtəşəmi isə Qarabağ Universiteti oldu.

2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib.

Universitetin binası sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər deyə, Ölkə başçısı çıxışında qeyd etmişdir.

Qarabağ Universitetinin yenidən belə möhtəşəm formada fəaliyyətə başlaması bir azərbaycan vətəndaşı kimi hər birimizi çox sevindirir. Bu tarixi hadisə ölkəmizdə elmli, bilikli gənclərin sayının daha da artmasına öz töhvəsini verəcəkdir.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button