Qanlı Yanvar hadisələri xalqımızın milli özünüdərkini sürətləndirdi
20 Yanvar faciəsindən 33 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 33 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də öz şəhidləri ilə vidalaşdı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi.
Bu tarixi faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.
Yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verildi.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Xalqın müstəqillik uğrunda həyatlarından keçən 147 şəhid övladı bu fəxri adı daşıyır.
Bakıda şəhidlərə ehtiramla xatirə kompleksi ucaldılıb. Şəhidlər Xiyabanı xalqın müqəddəs and yerinə, ziyarətgahına çevrilib. 20 Yanvar Şəhidlərinin xatirəsini əbədiləşdirilməsi istiqamətində çox addımlar atılıb ki, onlardan biri Bakı metrosunun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması idi.
Xalq milli məfkurənin məşəlini daha da alovlandıran igid övladlarının əziz ruhunu yalnız bu qara təqvim günündə deyil, hər zaman öz qəlbində və ruhunda xüsusi məhəbbət və minnətdarlıq hissi ilə yad edir.
Azərbaycan müstəqillik fədailərinin ruhu önündə baş əyir!
Vətən şəhidlərini və qəhrəmanlarını unutmur!
Mais Günəşli,
YAP-ın gənc fəalı.