Analitika

Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında mühüm məqamlar

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın gələcək inkişafını təmin edən mühüm amillərdəndir. 10 mart 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ölkədə həyata keçirilən islahatları özündə təcəssüm etdirdi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak etmiş və iclasda geniş nitqlə çıxış etmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Ölkə başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişikliklərlə bağlı təhlillər apardı.                           

Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.                     

Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.                      

Ölkə başçısı çıxışında sosial siyasətlə bağlı məqamlarıda qeyd etmişdir: “Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”. Prezidentimizin çıxışında yer tutan önəmli məsələlərdən biri də gənclər siyasəti ilə bağlı mühüm məqamlardır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah edilir.                                                                           

Prezident İlham Əliyev yeni seçilmiş deputatlara seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə daim təmasda olmaları barədə tövsiyələr vermişdir. Prezident bu barədə fikrini belə vurğulamışdır: “Siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız… mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız”.      Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir. Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.”                                        

Bundan əlavə, Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir. Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu dövlətlərlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı bu məqamlarıda xüsusi vurğulamışdır: “Azərbaycan müasir, dünyəvi dövlət kimi günü-gündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Əldə edilən ən böyük uğurlardan biri də siyasi sabitlikdir. Bu siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər”. Bütün bu vəzifələr Prezident İlham Əliyev tərəfindən 2020-ci il mart aynın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında parlamentə seçilən deputatlar qarşısında qoyulub. Bu vəzifələrin həyata keçirilməsi ilə bağlı geniş işlər həyata keçirilir. İslahatların genişlənməsi isə ölkəmizin inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.

Vəfa Məmmədova,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button