
2025-ci ilin may ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yeni mərhələsidir. Budapeştdə keçirilən görüşlər zamanı həm ikitərəfli, həm də regional və beynəlxalq səviyyədə aktual məsələlər müzakirə olundu, çoxşaxəli əməkdaşlıqların dərinləşdirilməsinə dair mühüm qərarlar qəbul edildi.
Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən danışıqlarda ikitərəfli münasibətlərin strateji xarakter daşıdığı vurğulandı. İmzalanan sənədlər və ortaq bəyanatlar göstərdi ki, Bakı və Budapeşt qarşılıqlı siyasi etimadı dərinləşdirməkdə qərarlıdır. Macarıstan, Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biri kimi çıxış edir, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə daim dəstək verir.
Enerji təhlükəsizliyi məsələləri görüşlərin əsas mövzularından biri oldu. Azərbaycan qazının Macarıstana və oradan Mərkəzi Avropaya nəqli üçün yeni razılaşmalar əldə edildi. Prezident Əliyev Azərbaycanın “yaşıl enerji” potensialından və elektrik ixracı üçün planlaşdırılan layihələrdən bəhs etdi. Xüsusilə Xəzər dənizindən Gürcüstan və Rumıniya vasitəsilə Avropaya elektrik ötürücü xətlərinin çəkilməsi layihəsi gündəmə gətirildi. İqtisadi əməkdaşlıq sahəsində bir sıra mühüm sazişlər imzalandı. Bu sənədlər kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı, kosmik tədqiqatlar və miqrasiya idarəçiliyi kimi sahələri əhatə edir. Hər iki tərəf qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması və rəqəmsal texnologiyaların tətbiqinə dair konkret addımlar atmaq barədə razılaşdı. Prezident İlham Əliyev Macarıstan şirkətlərini Qarabağın bərpasında iştirak etməyə dəvət etdi. Artıq Macarıstanın “HUNÉP” şirkəti tərəfindən Zəngilan rayonunun Soltanlı kəndində yenidənqurma layihəsinə start verilib. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində beynəlxalq əməkdaşlığın inkişafı baxımından əlamətdar hadisədir. Təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan tələbələri üçün Macarıstanda təqaüd proqramları genişləndiriləcək. Eyni zamanda peşə təhsili və universitetlərarası əlaqələrin dərinləşdirilməsi üçün yeni layihələr nəzərdə tutulur. Həmçinin mədəniyyət və turizm sahəsində də qarşılıqlı təşviq tədbirləri müzakirə olunub.
Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycan–Macarıstan əlaqələrinin daha da intensivləşəcəyinin göstəricisidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Siyasət Həsənov
YAP Xəzəzr rayon təşkilatının məsləhətçisi