Prezident İlham Əliyevin fəaliyyəti Rusiyada hər zaman yüksək səviyyədə qiymətləndirilib

Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixi köklərə malikdir və hər iki dövlət başçılarının siyasi iradəsi ilə bu əlaqələr daim gücləndirilməkdədir. Heydər Əliyev və Vladimir Putin arasında qoyulan dostluq və mehriban qonşuluq əlaqələrinin əsasları sonrakı illərdə İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmişdir. 2022-ci ilin fevral ayında Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanan müttəfiqlik haqqında Bəyannamə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini təmin etmişdir. Azərbaycan və Rusiya arasındakı əlaqələrin inkişafı özünü statistik göstəricilərdə də göstərir. İki ölkə ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 2022-ci ildə 4,5 milyard ABŞ dollarına çatıb. Bu artımın əsas səbəbi ölkələrimiz arasındakı yük daşımalarının həcmi və ticarət axınının şaxələndirilməsi ilə bağlıdır. Rusiya-Azərbaycan iqtisadi münasibətləri xüsusilə sənaye kooperasiyası sahəsində yeni layihələrin reallaşdırılması ilə daha da genişlənməkdədir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 1400-dən çox Rusiya kapitallı müəssisə mövcuddur ki, bunların da 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq. Vaxtilə Azərbaycan və Rusiyanın vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri – Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçiriləcək. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir. 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə bütün SSRİ məkanında tanınan Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi həm də Azərbaycan və Rusiya arasında dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşması dövrünün başlanğıcı oldu. Dahi rəhbər sonralar fəaliyyətinin “Kreml beşilliyi” adlandırdığı bu mərhələdə gördüyü işlərlə bütün SSRİ vətəndaşlarının, o cümlədən rus xalqının sevimlisinə çevrildi. Məhz bu illərdə SSRİ-də ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə Ümummilli Lider Heydər Əliyevə həvalə olunması dahi şəxsiyyətin liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət tapmasının göstəricisi idi. 1974-cü ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” Qərar qəbul edildi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Göründüyü kimi, dövlət başçımızın Moskvaya rəsmi səfəri Azərbaycan-Rusiya əlaqələrinin inkişafında böyük təsirə malik olacaq. Xüsusilə də cənab İlham Əliyevin rəhbərlik etdiyi islahatlar kursuna Rusiyanın dəstəyi vacibdir və prosesin uğurunun təminatlarından biridir. Bu səfər bütün dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin fəaliyyəti Rusiyada hər zaman yüksək səviyyədə qiymətləndirilib. Əvvəllər bu, daha çox mədəni-humanitar istiqamətləri əhatə edirdisə, artıq bu, iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlər sferasını da əhatə edir. Beləliklə, səfər iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından da çox əhəmiyyətlidir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı