Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi mühüm siyasi mesajlarla yadda qaldı
“Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycan-Ermənistan münasibətləri barədə son vəziyyətin təsvirinə, Azərbaycanın sülh və əməkdaşlıq çağırılarına, həm Ermənistanın, həm də separatçıların təxribatlarına aydınlıq gətirilmiş oldu. Prezident İlham Əliyevin müsahibəsi Ermənistanın və havadarlarının həyata keçirməyə çalışdıqları manipulyasiyalarının və yalnış xəbərlərinin ifşasını həyata keçirdi. Eyni zamanda, dünya ictimaiyyəti bir daha Azərbaycanın ədalətli, haqq və sülh mövqeyini gördü”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində Ukraynaya kömək etmək üçün birləşən Avropa və Qərb ölkələrinin separatizmə qarşı mübarizə aparan Azərbaycana münasibətdə fərqli yanaşma sərgiləməsi barədə sualı da diqqət mərkəzinə gətirdi: “Həqiqətən çox maraqlıdır ki, Rusiya Ukraynaya hücum edərkən Rusiyaya və Ukrayna ərazisindəki separatçılara qarşı sanksiyalar tətbiq edildi və bu gün də bütün beynəlxalq birlik Rusiyaya qarşı cəbhədə birləşərək, Ukraynanın ərazi bütövlüyünün bərpasına çalışır. Hətta, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı da Qərb eyni yanaşmanı sərgilədi və genişiqyaslı sanksiyalar paketini tətbiq etdi. Heç şübhəsiz ki, 30 il idi ki, işğaldan, separatizmdən əziyyət çəkən Azərbaycan da beynəlxalq hüququn prinsiplərinin kütləvi şəkildə müdafiə edilməsini gözləyirdi. Lakin nə 30 il ərzində, nə Vətən müharibəsi dönəmində, nə də ondan sonrakı müddətdə bu gözlənti olmadı. Məhz, bu səbəbdən məsələ ilə bağlı bir çox suallar açıq qaldı. Sual olunur ki, Gürcüstan və Ukrayna məsələsində separatçıya, eləcə də hücum edən tərəfə sanksiyalar tətbiq edən, beynəlxalq hüququn qorunması mövqeyindən çıxış edən Qərb niyə Azərbaycan torpaqları işğal altında olarkən, bu mövqeni sərgiləmədi? 30 il ərzində işğalçı Ermənistana, bu ölkənin hansısa məmuruna qarşı niyə sanksiya tətbiq edilmədi? XX əsrin ən böyük soyqırımı aktını törədən Ermənistan hakimiyyətinin təmsilçilərinə qarşı niyə heç bir embarqo qoyulmadı? Azərbaycan torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı rejimə qarşı məhdudiyyət niyə qoyulmadı? Heç şübhəsiz ki, Ukrayna və Gürcüstan kimi eyni taleyi yaşamış Azərbaycan xalqının bu sualları vermək və cavab tələb etmək haqqını hər zaman özündə saxlayır”.
“Prezident İlham Əliyev müsahibəsində Ermənistandakı ermənilərə önəmli mesaj verdi, Qarabağda yaşayan ermənilərin seçim hüququndan danışdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev həmçinin Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların da qayıtmaq hüququnun olduğunu diqqətə çatdırıb.