
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana həyata keçirdiyi işgüzar səfər iki ölkə arasındakı strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar, Bakı ilə Budapeşt arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi.
Budapeştdə keçirilən birgə mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Macarıstan əlaqələrinin uğurlu inkişaf trayektoriyasını xüsusi vurğuladı. O bildirdi ki, Macarıstan Azərbaycanın Avropa İttifaqındakı etibarlı tərəfdaşlarından biridir və iki ölkə arasındakı münasibətlər təkcə siyasi deyil, eyni zamanda iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrini də əhatə edir.
Prezidentin bəyanatında diqqətçəkən əsas məqamlardan biri enerji əməkdaşlığı sahəsində atılan konkret addımlar oldu. İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs edərək, Macarıstanın da bu strateji əməkdaşlıqda önəmli tərəfdaş olduğunu qeyd etdi. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqli və bu istiqamətdə Macarıstanla əməkdaşlıq planları enerji sahəsində qarşılıqlı etimada əsaslanan birgə fəaliyyəti göstərir.
Azərbaycan Prezidentinin bəyanatı, eyni zamanda, ortaq dəyərlər və qarşılıqlı hörmətə əsaslanan diplomatik münasibətlərin daha da dərinləşdirilməsi iradəsini əks etdirdi. O vurğuladı ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmiş və bu prinsipial mövqe iki ölkə arasında sıx siyasi dialoqun əsas dayaqlarından biri olub.
Səfər zamanı həmçinin iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və alternativ enerji sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu istiqamətdəki potensialın reallaşdırılması üçün birgə işçi qruplarının fəaliyyətini zəruri hesab etdiyini bildirib.
Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq, daha geniş – regional və qlobal platformalarda strateji əməkdaşlığa çevrilməkdədir. Prezident İlham Əliyevin Budapeştdəki bəyanatı bu strateji baxışın və qarşılıqlı inamın göstəricisidir.
Bu səfər, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi, regional inteqrasiya təşəbbüslərində fəal iştirakı və beynəlxalq enerji bazarlarında sabit tərəfdaş kimi çıxış etməsi baxımından əhəmiyyətli diplomatik uğur kimi qiymətləndirilə bilər.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi