AnalitikaSiyasət

Prezident İlham Əliyevin bəyanatı iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfər təkcə iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan nüfuzunun bariz göstəricisi kimi tarixə düşdü. Prezidentin Budapeştdə mətbuata verdiyi bəyanat, həm məzmun, həm də mesaj baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan və Macarıstan arasındakı münasibətlər son illərdə sürətlə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi, infrastruktur layihələri, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq diqqət çəkir. Prezident İlham Əliyevin bu səfəri məhz bu strateji əlaqələrin daha da dərinləşdirilməsi məqsədi daşıyırdı.
Macarıstanın Baş naziri Viktor Orban ilə keçirilən görüşlər zamanı regional və qlobal çağırışlar fonunda Azərbaycan-Macarıstan münasibətlərinin gələcək perspektivləri geniş müzakirə olundu. Həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq və enerji tranziti sahəsində konkret planlar müzakirə edildi. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir neçə mühüm istiqaməti əhatə etdi. Prezident bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Macarıstan da bu prosesdə vacib tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr bu kontekstdə strateji əhəmiyyət kəsb edir. İlham Əliyev qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən Zəngəzur dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr regionun logistikasına yeni nəfəs verir və Macarıstan bu imkanlardan faydalana bilər. Prezident iki ölkə arasında mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığın dərinləşdiyini vurğuladı. Gənclər mübadiləsi, tələbə proqramları və mədəni layihələr gələcək nəsillərin bir-birini daha yaxından tanımasına şərait yaradır. İlham Əliyev Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi və Qarabağda aparılan bərpa-quruculuq işləri barədə məlumat verdi.
Bu səfər göstərdi ki, Azərbaycan təkcə regionda deyil, Avropada da etibarlı tərəfdaş kimi tanınır. İlham Əliyevin liderliyi ilə yürüdülən çoxşaxəli xarici siyasət Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir. Azərbaycan və Macarıstan arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə şübhə yoxdur. Bu səfər və səsləndirilən bəyanatlar isə bu prosesin möhkəm təməl üzərində qurulduğunu sübut edir.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button