Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışındakı önəmli məqamlar
Qafqazın ən güclü dövləti olan Azərbaycan və onun paytaxtı Bakı bu dəfə astronavtika üzrə konfrans iştirakçılarının bir araya gəldiyi məkan oldu. 100-dən artıq ölkənin qatıldığı belə bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etmək ölkəmizin dünya siyasət arenasındakı yüksək imicinin sübutudur. Ölkəmizin belə bir mötəbər tədbirə ev sahiblik etməsi ilk dəfə deyildi. Lakin 50 il sonra keçirilən bu konfransda Azərbaycan 50 il öncəsindən fərqli olaraq müstəqil, dünya siyasətində söz sahibi olan, Şərqlə-Qərbin arasındakı körpünün memarı, güclü ordusu, uzaqgörən siyasəti ilə bölgənin nüfuzlu ölkəsidir.
Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bir çox məqamlardan bəhs etmişdir. 50 il sonra ölkəmizdə belə mötəbər tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirən ölkə başçısı tədbirin ölkəmizdə keçirilməsi qərarını verdikləri üçün Beynəlxalq Astronavtika Federasiyasına minnətdarlığını bildirib, gələn qonaqları salamlayıb.
Prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycanın beynəlxalq ictimaiyyətin fəal üzvü olduğunu nitqində xüsusilə qeyd etdi. Nüfuzlu təşkilatlarla əməkdaşlığımızın bizim dostlar qazanılmasına, əməkdaşlığımızın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb: “Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir.
Bildiyimiz kimi Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bununla yanaşı, bizim Avropa institutları ilə də əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Bu, tam açıq gündəlikdir, əməkdaşlığa, daha geniş regional iştirak və inklüzivliyə yönəlib.
Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.
Azərbaycanın siyasətinin bölgədəki rifah, vətənimizdəki daxili sabitliklə, ölkəmizin inkişafı ilə yanaşı qitələrarası körpü olaraq dünyaya fayda verməyi də bir istiqamət olaraq seçib. Çünki Azərbaycan dinindən, milli mənsubiyyətindən, dilindən asılı olmayaraq bizi vətən bilən hər insanın yurdudur. Məhz bu səbəbdəndir ki, Azərbaycan müxtəlif xalqların tolerant yaşadığı azsaylı ölkələrdəndir. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirilməsində rolumuz da danılmazdır: “Əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.
Enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycanın dəst-xəttinin olduğunu fəxrlə vurğulayan ölkə başçısı enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi, Azərbaycanın beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısı və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilməsindən fəxrlə bəhs edib.
Qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etməyimiz haqqında gələn qonaqları məlumatlandırdı. Müzəffər Ali Baş Komandan 30 il öncə torpaqlarımızın işğal edilməsi nəticəsində milyonlarla soydaşımızın qaçqın, məcburi köçkün olduğunu qeyd etdi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Bizim uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı.
Azərbaycan öz qələbəsi ilə Qafqaza sülh gətirdi. Bu sülhün davamlı olması regionumuzun, ölkələrimizin inkişafına öz töhvəsini verəcəkdir!
Sara Quliyeva,
Xəzər rayonu, 125 №li tam orta məktəbin müəllimi.